Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Hər zaman demokrafik problemlərlə bağlı diskussiya açılanda bəzi insanlar (Azərbaycanda da, dünyada da) belə bir arqument gətirirlər ki, doğuşun azalması yaxşıdır, normaldır, çünki yaxın gələcəkdə bütün işləri robotlar görəcək, süni intellekt həyatımızı asanlaşdıracaq, insan əməyinə tələbat azalacaq – ona görə də dünyada elə əhali azalsa yaxşıdır.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərqli qeyd edib.
O bildirib ki, əslində sui-qəsd nəzəriyyəsi olan “qızıl milyard” söhbətləri bəlkə də 40-50 ildir mövcuddur:
“Məğzi də odur ki, dünyanın “ağsaqqalları”, hardasa, 50 il əvvəl qərar veriblər ki, dünyada əhali çoxdur, kəskin azaldılmasına ehtiyac var, amma bunu “təbii seçimlə”, müharibələrlə etmək olmayacaq, ciddi yeni “ideoloji” təməllər yaradılmalıdır. Həmin “ağsaqqallar” elə o zamandan bəri müxtəlif QHT, psevdo-elmi institutlar, müzakirələr, KİV-lər vasitəsi ilə yeni “dəb” mövzular yaradıb, təbliğ etməyə başladılar. Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər: minimalizm, cinsi azlıqlar, ailə institutunun nüfuzdan salınması, dini dəyərlərin aşındırılması, veqan və vegeterian həyat tərzi - bütün bunlar aktiv təbliğ və təşviq edilirdi. Bunun üzərinə “iqlim dəyişikliyi” xofu da gəldi, insanları qorxudaraq yeni diskurslar yaradıldı – çox vacib və aktual olan ekoloji problemlər, insanın təbiətə vurduğu ziyanın azaldılması kimi məsələlər arxa plana keçdi, yüzminillərdir tsiklik olaraq davam edən iqlim dəyişikliyini antropogen elan edib, insan sayının azaldılmasının vacib olduğu təbliğ edildi.
Bununla da yetmədilər – xəstəliklər, “pandemiyalar”, hibrid müharibələr vasitəsi ilə də insan sayına təsir etməyə başladılar.
Son zamanlar isə aktiv şəkildə təbliğ olunan tezis odur ki, robotlar və süni intellekt insana ehtiyacı minimuma endirəcək, bununla da demokrafik problem məsələ olmaqdan çıxacaq, insan övladı xoşbəxt yaşayacaq, iqlim dəyişikliyi də dayanacaq.
Yeri gəlmişkən, bu “ağsaqqaların” hamısının, ya da böyük əksəriyyətinin çoxlu övladı var, onlar doğub-törəməklə yanaşı, digərlərini ailədən-övladdan soyutmaqla məşğul idilər. Məsələ odur ki, bu “ağsaqqaların” apardığı təbliğat və təşviqat, əsasən, Avropa qitəsində, son zamanlar isə Latın Amerikasında, Kanada və ABŞ-da effekt verdi, yəni bu coğrafi bölgələrdə demokrafik böhran yaşandı, amma Afrika və Asiya ölkərərinin bir çoxunda “baby boom” yaşandı-yaşanır. Bu da ayrı bir diskussiya mövzusudur.
Gələk robotlara və süni intellektə - doğrudan da dünya yeni inqilabi dəyişikliklər yaşayır-yaşayacaq, əl əməyinə tələb azalır-azalacaq – amma bu, ilk dəfə deyil: dünyada sənaye inqilabları zamanı da eyni diskurs var idi, nə oldu, o zaman verilən proqnozlar niyə tutmadı?! Əhali artdı, amma sənayeləşmə, buxar maşını, elektrik enerjisi, internet kimi insanlıq üçün mühüm kəşvlər işsizlik ordusu yaratmadı – tam tərsinə, yeni iqtisadi güclü dövlətlər və rifah halı artmış xalqlar formalaşdı.
Başqa bir məsələ odur ki, insan istehlakçıdır, istehlak istehsal və xidmət sahələri, istehsal və xidmət sahələri isə iqtisadi inkişafı yaradır. Robota isə tək elektrik enerjisi və proqram təminatı lazımdır. İnsan övladı istehlak etməyəcəksə, robot niyə istehsal etsin ki?! Kimin üçün edəcək?! Biznes necə inkişaf edəcək?! İqtisadiyyatın çarxları necə dönəcək?! Və nəhayət, dünya üzrə doğuş əmsalı 2-dən aşağı düşüb 50-60 il davam etsə, sivilizasiya geridönməz yola girəcək axı!
Məsələn, “ağsaqqalların” ən böyük qurbanı Çindir, 50 il onlar yatırım, yardım, kredit əvəzinə onlardan “tək uşaq” siyasəti tələb etdilər, Çin buna getdi, indi artıq əhali sayına görə Hindistan Çini keçib, yaxın 50-60 ildə Çin əhalisi 800-900 milyon nəfərə qədər azalacaq – əhalisinin 35-45%-ə yaxınını itirəcək. Bu zaman Çinin son zamanlar daxili istehlakın artımı hesabına böyümə modelini “baltalayacaq”, Çin ciddi iqtisadi, sosial problemlərlə uzbəüz qalacaq.
Robot və süni intellekt insanı əvəz edə bilməz, ancaq köməkçisinə çevrilə bilər, yaxın gələcəkdə dünyanın ən böyük problemi sosial ədalət olacaq, əgər insanlıq bu problemi həll edə bilməsə, sivilizasiyamızı xaos, regional və vətəndaş müharibələri gözləyir. Biz bu problemə “soldan” baxsaq, insanlıq daha tez xaosa sürüklənəcək, ona görə də klassik nəzəriyyələri bir kənara qoyub, yeni dünyanın yeni ədalət prinsipləri haqqında düşünməliyik. Yəni “robot, yoxsa uşaq” sualı kökündən yanlışdır, “həm robotlar, həm də uşaqlar” - bu yanaşma daha doğrudur...”