Cəmiyyət
MİDA-dan dörd il əvvəl ev alan sakin: "Nə yaxşı ki, bu layihədən yararlanmışıq"
"MİDA-nın güzəştli mənzil proqramı çox yaxşı layihədir. Ən böyük üstünlüyü də odur ki, ev almaq istəyən ailələr üçün bunu daha əlçatan edir". Bu sözləri Oxu.Az-a açıqlamasında 2022-ci ildə MİDA-nın Yasamaldakı yaşayış kompleksindən mənzil əldə edən Firdovsi Alızadə deyib. O bildirib ki, vaxtilə mənzil alanda bir sıra əlverişli şərtlərə görə MİDA-ya üstünlük verib: "Güzəştli ipoteka, ilkin ödənişin münasib olması və mənzillərin bazar qiymətindən daha sərfəli təklif olunması bizim üçün böyük əhəmiyyət kəsb edirdi". Firdovsi Alızadə qeyd edib ki, aldığı evdən çox razı qalıb: "Artıq 4 ildir Yasamal yaşayış kompleksində yaşayırıq və evimizdən də, yaradılan şəraitdən də çox razıyıq. Kompleksdə gündəlik həyat üçün lazım olan imkanlar var, nəqliyyat baxımından da bizim üçün rahatdır. Ümumiyyətlə, bu gün geriyə baxanda deyirəm ki, nə yaxşı bu layihədən yararlanmışıq". F.Alızadə digər sakinlərin də MİDA-nın layihəsindən yararlanmasını tövsiyə edib: "Xüsusilə ev almaq istəyən, amma mövcud bazar qiymətləri ilə buna nail olmaqda çətinlik çəkən ailələr üçün MİDA yaxşı imkandır. Biz özümüz bu fürsət sayəsində ev sahibi olmuşuq və bunun nə qədər önəmli olduğunu bilirik. Belə bir layihənin düşünülüb həyata keçirilməsi həqiqətən çox gözəl təşəbbüsdür. Proqramın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm". O, öz təcrübəsini də bölüşüb: "Mənim təcrübəmdə bu proses o qədər də çətin olmadı. Əvvəlcədən müəyyən sənədləri hazırlamaq, "Güzəştli mənzil" sistemində kabinet açmaq və bu sistemi incələmək lazımdır. Bunları son günə saxlamadıqda və əvvəlcədən məlumat topladıqda, hazırlıqlı olduqda proses kifayət qədər rahat keçir. Məncə, əsas məsələ məlumatlı olmaqdır. Hansı sənədlərin lazım olduğunu, müraciətin necə edildiyini və mənzil seçiminin hansı qaydada aparıldığını əvvəlcədən öyrənmək lazımdır. Bu məlumatların hamısı dolğun şəkildə MİDA-nın saytında var. Qaldı ki satış prosesinə, güzəştli mənzillərə tələbat çoxdur və müraciət edənlərin əksəriyyəti satış prosesinə əvvəlcədən hazırlaşırlar. Satış zamanı seçim real vaxtda aparılır və mənzillər qısa zamanda seçilə bilər. Amma bu, o demək deyil ki, MİDA-dan mənzil almaq mümkün deyil. Mən seçim edən zaman çox həyəcanlanırdım, düşünürdüm ki, artıq saniyələr gedir və mənzil qalmadı. Amma elə olmadı və mən mənzil seçimini edə bildim. Məsləhətim odur ki, müraciət etmək istəyənlər MİDA-nın rəsmi saytındakı məlumatlarla, tələb edilən sənədlərlə və təlimatlarla əvvəlcədən tanış olsunlar. Prosesə bir az vaxt ayırıb hazırlaşanda hər şey daha aydın olur".
Mənbə
oxu.az