Cəmiyyət

Bizim üçün müqəddəs heç nə yoxdur!

04 Sep 2026, 19:42 3 baxış
Bizim üçün müqəddəs heç nə yoxdur!
Kubra Məhərrəmova yazır... Heç nə yox, düz altı il əvvəl xalq olaraq gecə-gündüz dua edirdik ki, kaş ki bir gün torpaqlarımız işğaldan azad edilsin. And yerimizə çevrilmişdi o torpaqlar. Üstündən heç on il keçməyib, amma andımız, amalımız tərsməzhəb olub. Bir dəfə bu məsələni işıqlandırmaq istədim, həmkarlarım dedilər ki, bu boyda hadisəni kiçiltmə, neqativə çevirmə. Yəni əsas odur ki, torpaqlarımız düşmən işğalından azad olunub, qalan məsələlər zamanla düzələr. Açığı bu söhbətdən altı il keçib, vəziyyət isə nəinki düzəlib, hətta daha da pisləşib. Bu gün o torpaqlara, o qayalara, o daşlara nəinki and içirik, hətta həmin ərazilərə zibil tullantıları atıb, daş-qayasına şəkillər də çəkirik. Nədir məsələ? Əslində eyni tablonu ölkəmizin hər yerində müşahidə edirik. Yayda-qışda meşələrə, dağlara gedən yerli turistlərimizin arasında da eyni hərəkəti edənlər var. Meşələrdə tonqal qalayırlar, zibilləri özləri ilə aparmırlar, sonra da yanğın əmələ gəlir. Dəniz sahilində, çimərliklərdə də eyni hal yaşanır. Nə bilim, parka gedirlər dincəlməyə, günəbaxan tumunu çırtlayıb səpirlər hər yerə. Tutalım dənizi, meşəni, kəndi-kəsəyi, parkı-küçəni adam hansısa formada ötüşdürür. Halbuki, inzibati qaydada cəzası var, cəriməsi var. Axı Şuşa, Qarabağ hər birimiz üçün müqəddəsdir. Adamın şüuru, ürəyi, əli necə qalxar belə addım atmağa? İndi yeni "dəb" düşüb bəzi "bizimkilərin" canına. Şuşa ərazisində daş-qayalıqlara boya ilə ad yazırlar. Qoruq idarəsi nə qədər çağırış etsə də, cərimə tətbiq eləsə də, daş dövrünün intellektini daşıyanlar bunu dərk etmək istəmirlər. Alıb əllərinə boyanı, yaza-yaza gedirlər. Adamlarda həvəsə bax... Üstündə boya daşıyır ki, orada daşa-qayaya öz adını yazsın! Desən ki, "a abala, özünlə ağac şitilini apar ək, gül-çiçək ək", deyəcək ki, halım yoxdur! Amma cibində boya daşıya bilir. Desən ki, işğaldan azad olunan ərazilərdə üç gün qalın, yeməyiniz-içməyiniz veriləcək, yatmağa isti yeriniz olacaq, iməciliyə qoşulun. Sizin də bu torpaqların çiçəklənməsində əməyiniz olsun. Deyəcəklər ki, "havayı fəhlə" axtarırsan! Amma daşa-qayaya ad yazmaq, əraziləri zibilləmək yaxşı iş imiş... İndi bunları cəzalandırsan, adını qoyacaqlar ki, "hüquq-mühafizə orqanları çox ciddi tədbir görür". Yaxşı, bəs nə edək? Necə edək? Şallaq tələb edək? Bütün respublikaya biabır olunmasını tələb edək? Yoxsa elə adlarını yazdıqları qayaların qarşısında onların fotolarını çəkib, bütün ölkə ərazisindəki reklam lövhələrinə yapışdıraq? Üstündən də yazaq ki, "o torpaqlarda adını qanı ilə, canı ilə yazan şəhidlərimiz, var! Sizin adınız kimə lazımdır axı?!" Hər dəfə Qarabağa səfər edəndə özümdən asılı deyil, hönkür-hönkür ağlayıram. O qayalarda, daşların üzərində yaralı döyüş yoldaşlarını güllənin altından çıxaran əsgərlər gəlir gözümün qabağına. Gedib qayıtmayan döyüşçülərin siması gəlir gözümün qarşısına. Əsgəri üçün canından keçən komandirlərin səsi gəlir qulağıma. Məndən olsa, o adamları qanunun ən sərt üzü ilə üzbəüz qoyardım. Ən ağır cəza hansıdırsa, onu tələb edərdim. Şəhidin can verdiyi qayaya boya çəkən, o torpaqları zibilləyən insanların nə Allahı var, nə də Vətəni!
Mənbə oxu.az

Oxşar Xəbərlər