Dünya

ABŞ və Avstraliya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

03 Sep 2026, 11:52 3 baxış
ABŞ və Avstraliya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Avstraliyanın müdafiə naziri Riçard Marlz Vaşinqtonda ABŞ-li həmkarı Pit Heqsetlə görüşündən sonra jurnalistlərə açıqlamasında tərəflərin müdafiə əlaqələrini daha da inkişaf etdirmək barədə razılığa gəldiklərini bildirib. Oxu.Az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, Avstraliyada ABŞ hərbi qüvvələrinin mövcudluğunun genişlənməsi Çinin Sakit okean regionundakı aktivliyinin qarşısının alınmasına dəstək verəcək. Tərəflər yenidən silahlanma üzrə birgə layihələri yekunlaşdırıblar. Bu razılaşmalar ABŞ Silahlı Qüvvələrinə Avstraliya ordusuna təlim keçmək, ölkə ərazisində hərbi texnika saxlamaq, rotasiya həyata keçirmək, aviasiya yerləşdirmək və Amerika gəmilərini maddi-texniki təminatla təchiz etmək imkanı qazandırır. Riçard Marlz əməkdaşlığın yeni mərhələsinin ABŞ hərbçilərinin sayının artması ilə nəticələnib-nəticələnməyəcəyini dəqiqləşdirməsə də, bu il baş tutacaq növbəti nazirlər görüşündən sonra əlavə məlumatlar verəcəyini vəd edib. Pit Heqset hər iki dövlətin müdafiə strategiyalarının "əhəmiyyətli dərəcədə uzlaşdırıldığını" diqqətə çatdırıb. O qeyd edib ki, müttəfiq ölkələr öz suveren təhlükəsizliklərinə sərmayə yatırmalı və bununla da kollektiv müdafiəyə lazımi töhfələrini verməlidirlər. Ölkələr arasında hərbi müttəfiqlik həmçinin ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanmış üçtərəfli AUKUS paktı çərçivəsində də davam edir. Bir sıra ABŞ hərbçiləri Avstraliyanın qərb sahilində yerləşən və 2027-ci ildən etibarən dörd "Virciniya" sinifli sualtı qayığın bazalaşdırılacağı "HMAS Stirling" hərbi dəniz bazasında xidmət göstərir. Agentlik xatırladır ki, Çin AUKUS müqaviləsini təhlükəli adlandıraraq onun regionda silahlanma yarışına səbəb olduğunu iddia edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər