Dünya

İnsan qulağına ən xoş gələn quş səsi müəyyənləşdi: Alimlərdən maraqlı tədqiqat

03 Sep 2026, 03:31 6 baxış
İnsan qulağına ən xoş gələn quş səsi müəyyənləşdi: Alimlərdən maraqlı tədqiqat
Almaniyanın Tübingen Universitetinin bioloqları quş cəh-cəhinin hansı akustik xüsusiyyətlərinin insanlar tərəfindən daha xoş qəbul edildiyini müəyyənləşdiriblər. İnsan qulağı üçün ən mükəmməl melodiya yüksək, lakin çox uca olmayan, mürəkkəb strukturlu səslər hesab edilib. Cəlbediciliyinə görə mütləq lider isə adi qaratoyuq olub. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Bird Science" nəşrində dərc edilib. Laboratoriya sınağında 84 könüllü iştirak edib. Onlar 123 növ Avropa quşunun səs yazılarını dinləyib və onların cəlbediciliyini birdən beşə qədər olan şkala üzrə qiymətləndiriblər. Gözəlliyin obyektiv akustik düsturunu tapmaq məqsədilə tədqiqatçılar hər bir səsin tezliyini, amplitudunu və tezlik zolağının genişliyini ətraflı şəkildə təhlil ediblər. 4,52 bal toplayan adi qaratoyuq (Turdus merula) reytinqin mütləq birincisi olub. Siyahının sonuncu pilləsində isə cəmi 1,32 bal toplayan anbar bayquşu (Tyto alba) qərarlaşıb. Analizlərin nəticələrinə görə, insan qulağı yüksək minimal və pik tezlikli, lakin aşağı amplitudlu səsləri daha müsbət qəbul edir. Başqa sözlə, insanlar dar tezlik zolağına malik sakit və yüksək notları bəyənirlər. Kompozisiyanın mürəkkəbliyi də mühüm rol oynayıb. Belə ki, tərkibində çox sayda müxtəlif element olan səslər dinləyicilərə daha gözəl gəlib. 2,4-dən 5,5 kHs-ə qədər olan spektrdəki səslər isə qıcıqlandırıcı təsir bağışlayıb, çünki insanın eşitmə sistemi məhz bu diapazona qarşı daha həssasdır. Beynimiz bu tezliklərə dərhal reaksiya vermək üçün proqramlaşdırılıb, buna görə də onlar ən uca, kəskin və narahatedici səslər kimi qəbul edilir. "Tədqiqatımız ilk dəfə olaraq müxtəlif akustik xüsusiyyətlərin necə qarşılıqlı təsir göstərdiyini və insan tərəfindən səslərin qavranılmasını birgə necə formalaşdırdığını nümayiş etdirir", - deyə Tübingen Universitetindən tədqiqatın aparıcı müəllifi Nadin Kalb qeyd edib. Onun sözlərinə görə, ümumilikdə quşları daha çox sevən insanlar onların cəh-cəhinə daha yüksək qiymət verməyə meyillidirlər. Lakin peşəkar təcrübə və quş növlərini səslərinə görə tanımaq bacarığı melodiyaların yekun cəlbediciliyinə heç bir təsir göstərməyib. Daha əvvəl dünyadakı bütün quşların öz nəğmələrini eyni səkkiz səsdən qurduğu bildirilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər