Dünya
ABŞ məhkəməsi "Titanik"dən çıxarılan tarixi əşyaların satışına qadağa qoydu - FOTO
ABŞ-nin Virciniya ştat məhkəməsi əfsanəvi "Titanik" laynerindən çıxarılan tarixi əşyaların satışına qadağa qoyub. Oxu.Az xəbər verir ki, "Weekend" nəşri məlumat yayıb. Məlumata görə, tədqiqat işləri üzrə müstəsna hüquqlara sahib olan "RMS Titanic" şirkəti tapıntılardan pul qazanmaq niyyətində olsa da, məhkəmə qadağası ilə qarşılaşıb. Məhkəmə 100 əşyadan ibarət kolleksiyanın satışına mane olaraq məhdudiyyətlərin qüvvədə olma müddətini uzadıb. Hakim qərarında vurğulayıb ki, planlaşdırılan hərrac kolleksiyanın bütövlüyü üçün real təhlükə yaradır. Şirkətin vəkili qurumun ciddi maliyyə sıxıntıları yaşadığını iddia etsə də, məhkəmə dünyanın ən iri özəl investisiya fondlarından birinin şirkətə ortaq olmasını əsas gətirərək bu iddialara şübhə ilə yanaşıb. Tapıntıları sudan çıxarmaq hüququna malik olan şirkət əsas pilləkəndəki bürünc mələk fiqurunu və göyərtnin ən yüksək nöqtəsindəki müşahidə məntəqəsində yerləşən gəmi zəngini hərracda satmağı düşünürdü. Lakin ABŞ və Fransa rəhbərliyi, eləcə də mədəni irsin qorunması təşkilatları bu satışın əleyhinə çıxıblar. Məhkəmə şirkəti 5 500 artefaktın hamısının tam siyahısını, onların hazırkı vəziyyətini və saxlanılma yerini təqdim etməyə, eləcə də maliyyə durumu ilə bağlı hesabat verməyə məcbur edib. Qeyd edək ki, şirkət daha öncə bu tarixi tapıntıların mülkiyyət hüququnu yalnız kolleksiyanın bölünməz və bütöv saxlanılması şərti ilə əldə etmişdi.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az