Dünya
Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlanıb
Nevroloq Adnan Hüseyn bir dəqiqə ərzində demensiyadan şübhə etməyə imkan verən sadə testi açıqlayıb. Oxu.Az xəbər verir ki, mütəxəssisin məsləhətini "HuffPost" nəşri dərc edib. Həkimin sözlərinə görə, söhbət Luriya testindən gedir ki, bu test üç hərəkətin ardıcıl təkrarlanmasından ibarətdir. Bunun üçün insan əvvəlcə yumruğunu sıxmalı, sonra yumruğunu masanın üzərinə qoymalı, daha sonra əlini açaraq ovcunu üzüaşağı şəkildə masanın üzərinə qoymalıdır, daha sonra isə bu ardıcıllığı müstəqil olaraq və ya sayma tapşırığı ilə eyni vaxtda, düzgün yerinə yetirməlidir. Adnan Hüseynin sözlərinə görə, bu məşq bədənin hərəkət və icra funksiyalarını, eləcə də müəyyən hərəkət ardıcıllığını izləmək qabiliyyətini qiymətləndirməyə imkan verir. Demensiyanın bəzi növlərində insan bu hərəkətləri daha yavaş yerinə yetirə, bir mərhələdə ilişib qala və ya ardıcıllığı qarışdıra bilər. "Bu, demensiya üçün diaqnostik test deyil, lakin bu sürətli məşqi istənilən vaxt klinikada yerinə yetirmək mümkündür", - deyə nevroloq qeyd edib. O əlavə edib ki, 2011-ci ildə aparılan bir araşdırmaya əsasən, Altsheymer xəstəliyi olan iştirakçıların 54 faizi məşqi ideal şəkildə yerinə yetirə bilməyiblər, frontotemporal (alın-gicgah - red.) demensiyası olanların isə təxminən 70 faizində bununla bağlı çətinlik yaranıb, demensiyası olmayan iştirakçıların 2.3 faizində problemlər ortaya çıxıb.
Mənbə
oxu.az