Dünya
Nepaldakı dağıdıcı fəlakətin əsl səbəbi üzə çıxdı - PEYK GÖRÜNTÜLƏRİ - FOTO
Nepalda baş verən dağıdıcı daşqına yalnız buzlaq parçalarının qopması deyil, Lanqtanq-Lirunq zirvəsində dağ yamacının bir hissəsinin çökməsi də səbəb olub. Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, geomorfoloqlar Kristin Kuk və Den Şuqar fəlakətdən əvvəl və sonra çəkilmiş peyk görüntülərini araşdıraraq bu qənaətə gəliblər. Fəlakətdən bir gün sonra çəkilən görüntülər buzlağın altındakı dağ yamacının zədələndiyini göstərib. Nəticədə milyonlarla ton qaya və buz parçası dar dərəyə tökülərək aşağıya doğru hərəkət edib. Yol boyu buz əriyərək su, torpaq və qaya parçaları ilə qarışıb və nəhəng daş-palçıq seli yaranıb. Bəzi ərazilərdə selin hündürlüyü bir neçə mərtəbəyə çatıb. Sel Trişuli çayına daxil olduqdan sonra Kolpurtar, Betxravati və Syapru-Besi ərazilərində çay kəskin şəkildə genişlənib və su demək olar ki, qara rəng alıb. Güclü axın binaları dağıdıb, gətirdiyi dağıntılar isə bəzi ərazilərdə çayın məcrasını tamamilə dəyişib. Alimlər hadisəni dünyada qeydə alınmış ən böyük buzlaq mənşəli daşqınlardan biri adlandırıblar. Tədqiqatçılar hələlik fəlakəti iqlim dəyişikliyi ilə əlaqələndirmirlər. Bununla belə, "əbədi buzlağın" əriməsinin süxurları zəiflədərək bu cür hadisələrin başvermə ehtimalını artıra biləcəyi qeyd olunur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az