Dünya
Nepalda daşqın təhlükəsi səngimir: Ölənlərin sayı 734-ə yüksəldi
Nepalın şimal rayonlarında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb. Məlumata görə, 8 186 nəfər xilas edilib. Onların arasında 227 xarici vətəndaş da var. Bildirilib ki, 2 500-ə yaxın insan itkin düşmüş hesab olunur. Onlardan 588-i xarici ölkə vətəndaşıdır. Axtarış-xilasetmə əməliyyatlarına 20 000-ə yaxın insan cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bildirilir ki, şiddətli daşqın dalğasının keçdiyi dərədə təxminən 14-15 metr lil və dağıntı toplanıb. Regionda yeni daşqın təhlükəsinin qalmaqda olduğu bildirilib.
Mənbə
oxu.az