Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...
Ermənistan hakimiyyəti Azərbaycanla sülh quruculuğuna üstünlük verir, Baş nazir Nikol Paşinyan buna mane olan radikalları neytrallaşdırmaq istiqamətində zəruri addımlar atır. Ancaq erməni diasporu Ermənistan hökumətinə tabe deyil və müxtəlif dövlətlərdə Azərbaycan əleyhinə təbliğat kampaniyaları və təxribatçı sərgilər keçirməkdə davam edir. Erməni diasporu yaxın günlərdə Parisdə və Praqada Azərbaycana qarşı növbəti aksiyalar keçirəcək. Hər iki aksiyaya şəhər meriyalarının razılığı alınıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, erməni diasporu müxtəlif aksiyalar vasitəsilə yaşadıqları ölkələrin siyasi dairələrinin və ictimai rəyinin Azərbaycan əleyhinə formalaşmasına çalışır:
“Deyək ki, Fransanın siyasi dairələri əvvəldən antiazərbaycan mövqeyə kökləniblər. Bəs Çexiya niyə antiazərbaycan mövqeyində dayansın? Çexiya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa üstünlük verir.
Bu arada, Polşanın dövlət tərəfindən maliyyələşən İctimai Televiziya kanalında Azərbaycan əleyhinə təxribatçı reportaj yayımlanıb. Bu səbəbdən Polşanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etirazı notası təqdim edilib. Halbuki Çexiya kimi, Polşa da Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biridir. Böyük ehtimalla yaxın günlərdə erməni diasporunun təxribatçı aksiyalarına şərait yaratdıqlarına görə Fransa və Çexiya səfirləri də Xarici İşlər Nazirliyinə çağırılacaqlar. Belə də olmalıdır. Ancaq medalın başqa üzü də var.
Erməni diasporu oxşar təxribatçı aksiyaları digər Avropa dövlətlərində və ABŞ-ın ştatlarında da keçirə bilər. Deməli, Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan və nota təqdim edilən səfirlərin sayı artacaq. Elə erməni diasporunun məqsədi Azərbaycanın Avropadakı tərəfdaşlarıyla münasibətlərdə sualların yaranmasını təmin etməkdir. Bunun qarşılığında Diasporla İş üzrə Dövlət Komitəsinin hansısa fəaliyyət proqramı var? Erməni diasporu Azərbaycanda həbs cəzası çəkən erməni separatçıların azadlığını tələb edən aksiyalar keçirərkən, biz həmin separatçıların törətdikləri cinayətlər barədə müxtəlif ölkələrdə tədbirlər keçirə bilmərikmi? Və ya Qərb ölkələrinin tamamı etiraf edir ki, Ermənistan və erməni separatçıları Qarabağ və Şərqi Zəngəzurda sayı bəlli olmayan minalar basdırıblar və müharibədən sonra partlayışlar nəticəsində yüzlərlə vətəndaşımız həlak olub, ağır yaralananlar var. Ermənistan minaların basdırıldığı ərazilərin xəritələrini Azərbaycana təqdim etmədi. Bundan sonra rəsmi Bakı müxtəlif dövlətlərə minaların müəyyələnşdirilməsində Azərbaycana dəstək çağırışı etdi. Qərb ölkələrinin bir qismi dəstək verəcəklərini açıqladı. Ancaq minalar yenə partlayır. Bununla bağlı da müxtəlif ölkələrdə tədbirlər keçirmək və həmin tədbirlərə yerli siyasətçiləri, ictimai xadimləri və medianı dəvət etmək olar. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyət planı olmalıdır”.