İdman

Ayxan Abbasovdan "Qarabağ"ın məğlubiyyətinə reaksiya

29 Aug 2026, 14:29 5 baxış
Ayxan Abbasovdan "Qarabağ"ın məğlubiyyətinə reaksiya

Qarabağ”ın 12 ildən sonra avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilməməsi, əlbəttə, çətindir. Amma gəlin reallığı deyək: 12 il Avropa arenasında stabil çıxış etmək özü çox çətin işdir.


Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “Qarabağ”ın UEFA Konfrans Liqasında mübarizəni dayandırmasına münasibət bildirərkən deyib.


Mütəxəssis Ağdam klubunun uzun illər ərzində ciddi sabitlik nümayiş etdirdiyini bildirib:


“Bu gün asan görünə bilər, amma görürük ki, böyük klublarda belə üç-dörd ildən bir ciddi eniş olur, heyət dəyişikliyi və bir çox dəyişikliklər baş verir. “Qarabağ” isə 12 il ərzində bu dəyişikliklər fonunda özünü büruzə vermədi. İki dəfə çempionluğu itirsə də, qalan vaxtlarda həm çempion oldu, həm də Avropa kuboklarında oynadı.


Bu il isə komandada köklü dəyişiklik baş verdi. Bu qədər futbolçunun, xüsusilə də vacib oyunçuların getməsi, digər futbolçuların yaşlanması istər-istəməz komandanı dəyişməyə məcbur etdi. Bu gün gələn futbolçuların birdən-birə belə arenada, bu məşqçinin fəlsəfəsi ilə oynamağa uyğunlaşması üçün zamana ehtiyacı var”.


Ayxan Abbasov “Qarabağ”ın yenidən əvvəlki səviyyəsinə qayıda biləcəyinə inandığını söyləyib:


“Məncə, “Qarabağ”ın klub olaraq yetərincə təcrübəsi var. Çox yaxşı bilirlər ki, bunu yenidən qurmaq üçün vaxt lazımdır. Bu gün pley-offda məğlub olmuşuq, əsas mərhələyə düşməmişik. Bu, “Qarabağ” üçün yaxşı nəticə deyil. Amma digər komandalarımızın pley-offa qədər getməsi belə çətin olur və bu, onlar üçün uğur sayılır.


Ona görə inanıram ki, bu ilki transferlər uğurlu çıxacaq və çempionat tam rəqabətli olacaq. “Zirə” və “Neftçi”ni də qeyd etmək lazımdır. Məncə, bu dörd komandanın arasında çempionluq mübarizəsi gedəcək. “Qarabağ”ın üstünlüyü odur ki, bir cəbhədə mübarizə aparacaq, "Sabah" isə iki cəbhədə. "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərinin çox ciddi və çətin olduğunu nəzərə alsaq, bizi maraqlı çempionat gözləyir. “Qarabağ”a uğurlar arzulayıram”.


Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off turunda Niderlandın “Tvente” klubuna məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. Ağdam klubu səfərdə 1:0 hesablı qələbə qazansa da, Niderland təmsilçisi Bakıda 4:1 hesabı ilə qalib gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər