Dünya
Dişləri sərt fırçalayanlara TÖVSİYƏ: Stomatoloq təhlükəli səhvləri sadaladı
Ağız boşluğunun sağlamlığını qorumaq üçün dişləri mütəmadi fırçalamaq vacibdir. Lakin bu prosedurun həddindən artıq tez-tez və sərt şəkildə həyata keçirilməsi müxtəlif problemlərə yol aça bilər. Oxu.Az xəbər verir ki, rusiyalı stomatoloq-terapevt Zarina Totayeva bu barədə Gazeta.ru-ya açıqlamasında məlumat verib. Mütəxəssisin sözlərinə görə, diş fırçasına normadan artıq təzyiq etmək təmizlənmənin keyfiyyətini artırmır. Əksinə, bu, diş əti kənarlarının zədələnməsinə, qanamaya, həssaslığın artmasına və diş ətinin çəkilməsi nəticəsində diş kökünün açılmasına səbəb ola bilər. "Sərt gigiyena vərdişlərinin digər fəsadı diş minasının və xüsusilə, diş boynu nahiyəsindəki dentinin aşınmasıdır. Sərt tüklü fırçalardan və aşındırıcı diş məcunlarından istifadə, eləcə də yanlış üfüqi hərəkətlər bu riski daha da artırır. Qoruyucu toxumaların incəlməsi nəticəsində dişlər isti, soyuq, turş və şirin qidalara qarşı daha həssas olur", - deyə mütəxəssis bildirib. Həkim qeyd edib ki, çoxlu miqdarda şirniyyat və ya turş qidaların qəbulunu intensiv fırçalama ilə kompensasiya etməyə çalışmaq düzgün deyil. Unutmaq olmaz ki, turş tərkibli qidalardan sonra diş minası müəyyən müddət ərzində daha həssas olur. Yeməkdən dərhal sonra dişləri sərt şəkildə fırçalamaq isə mexaniki təsir nəticəsində minanın daha da zədələnməsinə gətirib çıxara bilər. "Ağardıcı və yüksək aşındırıcı xüsusiyyətə malik diş məcunlarından davamlı istifadə də hər zaman düzgün deyil. Onlar səthdəki ərpi yaxşı təmizləsə də, müntəzəm tətbiq edildikdə həssaslığı artıra və diş toxumalarının mexaniki aşınmasına səbəb ola bilər. Diş məcunu seçərkən minanın və diş ətlərinin vəziyyətini nəzərə almaq, ehtiyac yaranarsa, stomatoloqla məsləhətləşmək daha məqsədəuyğundur", - deyə həkim tövsiyə edib. Mütəxəssis ən uyğun ağız boşluğu gigiyenası kimi gündə iki dəfə yumşaq və ya orta sərtlikdə olan diş fırçası və flüorlu diş məcunu ilə dişlərin təmizlənməsini tövsiyə edir. Bu zaman düzgün texnikaya riayət etmək vacibdir: hərəkətlər həddindən artıq təzyiq göstərilmədən, ehtiyatla edilməlidir. Dişlərin həm xarici, həm daxili, həm də çeynəmə səthləri təmizlənməlidir. Onun sözlərinə görə, dişlərarası boşluqlara da xüsusi diqqət yetirilməlidir. Standart diş fırçaları bu nahiyələri tam təmizləyə bilmədiyi üçün diş sapından, xüsusi dişlərarası fırçalardan, irriqatorlardan və stomatoloqun məsləhət gördüyü digər vasitələrdən istifadə etmək olar. "Əgər dişləri fırçaladıqdan sonra mütəmadi olaraq qanama, diş ətlərində ağrı, dişlərdə kəskin həssaslıq yaranırsa və ya diş boynu nahiyəsində dəyişikliklər müşahidə edilirsə, problemi daha sərt gigiyena ilə həll etməyə çalışmaq olmaz. Belə əlamətlər diş əti iltihabının, diş ətinin çəkilməsinin və ya digər stomatoloji xəstəliklərin göstəricisi ola bilər və həkim müayinəsi tələb edir", - deyə həkim fikrini yekunlaşdırıb.
Mənbə
oxu.az