Polad Bülbüloğlunun evləndiyini yazmaq olmaz?
Dünyada medianın və auditoriyanın diqqətini ən çox çəkən üç ilginc sahə var: siyasət, iqtisadiyyat və şou-biznes. Niyə? Ona görə ki, hər üçünün mərkəzində insan dayanır. İnsan və onun həyatı - hakimiyyət, pul, nüfuz, şöhrət, uğur, məğlubiyyət, sevgi, ayrılıq… İnsan həmişə insanı maraqlandırıb. Media yaranandan bəri belə olub, sosial şəbəkələr dövründə də belədir. Dünya durduqca yəqin ki, belə olacaq. Əbədiyyətə qədər...
Son iki gündə Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı yayılan məlum xəbərdən sonra bizi də ittiham edənlər var: niyə belə xəbərlər yazılır, böyük sənətkarın şəxsi həyatı niyə ictimailəşdirilir və s.
Burada çox vacib bir anlayışı ayırmaq lazımdır: Polad Bülbüloğlu sadəcə, öz evinin, ailəsinin, yaxın çevrəsinin tanıdığı bir insan deyil. O, Azərbaycan mədəniyyətinin son yarım əsrdən artıq tarixinin ən məşhur, ən parlaq simalarından biridir. Bütün MDB məkanında tanınır və sevilir. Bəstəkar, müğənni, xalq artisti, keçmiş mədəniyyət naziri, uzun illər Azərbaycanın Rusiyadakı səfiri, millət vəkili… və Bülbülün oğlu. Belə bir insanın həyatı istər-istəməz ictimai maraq dairəsindədir. O, insanları maraqlandırmalıdır və maraqlandırır. İnsanlar onun həyatı ilə bağlı ən xırda detalı da izləməlidir və izləyir. Əksi olsaydı, fakta, xəbərə biganə, laqeyd olsaydıq, bu, anormal olardı...
Biz, yəni jurnalistlər Polad Bülbüloğlunun evində nə baş verdiyini araşdırmırıq. Onun şəxsi yazışmalarını əldə etməyə çalışmırıq. Ailə münasibətlərinin intim detallarını ictimailəşdirmirik.
Amma ölkənin ən məşhur şəxslərindən birinin ailə həyatı qurması xəbər deyilmi?
Əlbəttə, xəbərdir. Özü də çox gözəl, qiymətli xəbərdir. Dünyanın ən ciddi media quruluşlarına baxın. Prezidentlərin, kralların, milyarderlərin, aktyorların, müğənnilərin, idmançıların, yazıçıların, hətta blogerlərin, jurnalistlərin evlənməsi, boşanması, övladının dünyaya gəlməsi, həyatlarındakı mühüm dəyişikliklər anında xəbər olur. Çünki ictimai şəxs olmaq müəyyən mənada ictimai diqqətin də ünvanına çevrilmək deməkdir. Bir anlıq təsəvvür edin, qonşu və qardaş Türkiyədə belə bir hadisə baş versəydi, nələr olardı? Mövzu dərhal manşetlərə daşınardı, TV kanallarda müzakirələr başlayardı, iki tanınmış şəxsin münasibətlərindəki ən xırda məqamlar belə masaya qoyulardı...
Məsələnin xoşagəlməz tərəfi yalnız odur ki, xəbər sosial mediada səviyyəsiz şəkildə müzakirə edilir, etik çərçivələr aşılır, tərəflərin ünvanına təhqiramiz ifadələr işlədilir, fakt eybəcərləşdirilir və s. Bax, bu ayıbdır. Amma bunun medianın yaydığı xəbərə aidiyyəti yoxdur.
Məncə, əsas müzakirə və mübahisə də burada başlamalıdır.
Məsələn, “Polad Bülbüloğlu ailə həyatı qurub” - əgər məlumat təsdiqlənibsə, ki əlimizdəki faktlar təsdiqləyir, - xəbərdir.
Polad Bülbüloğlu Azərbaycan cəmiyyətinin onilliklərdir tanıdığı, sevdiyi, müzakirə etdiyi böyük sənətkardır. İnsanların onun həyatındakı mühüm hadisə ilə maraqlanması da təbiidir. Burada utanmalı, gizlədilməli nə var ki? İnsan ailə həyatı qurubsa, bu nə cinayətdir, nə qalmaqaldır, nə də kompromat.
Əksinə, həyatdır, taledir, hətta pozitiv bir ştrixdir.