Bu səhvlər təkrarlansa, “Sabah” üçün çətin olacaq - Ekspert
“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə düşməsi Azərbaycan futbolunun inkişafı, futbolumuzun dünyada və Avropada tanınması baxımından çox önəmli addımdır. Artıq ikinci il dalbadal Azərbaycan kimi zəif çempionatın təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində oynaması, sözsüz ki, Avropanın diqqətini yenidən ölkəmizə yönəldəcək.
Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı "Sabah"ın tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.
“Ötən il “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində oynaması az qala altı ay müddətində bütün Avropanın, bütün dünyanın Azərbaycan haqqında danışmasına səbəb olmuşdu. İndi “Sabah”ın bu missiyanı davam etdirməsi həmin diqqətin gündəmdə qalmasını təmin edəcək.
Bundan başqa, dünya klublarının Azərbaycana və Azərbaycan futboluna marağı artacaq. Bu, təkcə komandalarımızın Avropaya və yaxud dünyanın digər klublarına futbolçu satması üçün önəmli deyil, həm də yerli futbolçular üçün əhəmiyyətlidir.
“Sabah”ın bu uğuru həqiqətən alqışlanmalıdır. Bunun davamlı və sabit olması üçün isə hələ çox iş görülməlidir”, - o bildirib.
Ekspert “Sabah”ın oyununda müəyyən çatışmazlıqların olduğunu da qeyd edib:
“Xətlər arasında əlaqənin olmaması hiss olunurdu. Bəzi ayrı-ayrı futbolçuların məsuliyyətsiz davranışlarını gördük. Xüsusən də qapıçının iki kobud səhvi az qala “Sabah”a baha başa gələcəkdi. Təkcə qapıçını vurğulamaq istəmirəm. Ayrı-ayrı oyunçuların fərdi oyuna meyil etməsi də “Sabah”ın çatışmayan cəhətləridir.
Əlverişli mövqedə olan futbolçuya ötürmənin edilməməsi Çempionlar Liqasının əsas mərhələsində bağışlanılmayacaq səhvlərdir. Nəzərə alınmalıdır ki, bu, Azərbaycan çempionatı deyil, Çempionlar Liqasının əsas mərhələsidir.
“Səbail”, “Şamaxı”, “Sumqayıt”, “İmişli”, “Zirə” ilə oyunda o səhvləri edə bilərsiniz və rəqib sizi həmin səhvlərə görə cəzalandırmaya bilər. Amma Çempionlar Liqasında belə olmayacaq. Bu səhvlər Çempionlar Liqasının əsas mərhələsində təkrarlansa, “Sabah” üçün çətin olacaq.
Biz bu çatışmazlıqları ona görə deyirik ki, bunların üzərində işlənilməlidir. Məşqçilər korpusu yəqin ki, bu çatışmazlıqları gördü. Lakin “Sabah”ın uğuruna, oyununa heç bir kölgə salmaq olmaz. Bütün bu çatışmazlıqlara, ayrı-ayrı futbolçuların etdiyi səhvlərə rəğmən, “Sabah”ın qələbəsi və Çempionlar Liqasının əsas mərhələsində olması böyük uğurdur. Xüsusən də yeni yaranmış bir komanda üçün ilk addımda buna nail olmaq hər komandanın işi deyil”.