Dünya
ABŞ Yaxın Şərqdəki səfirliklərinə diplomatlarını geri qaytarmağa hazırlaşır
ABŞ Dövlət Departamenti İrana qarşı həyata keçirilən əməliyyatlar ərəfəsində və gedişatında təxliyə edilmiş diplomatların Yaxın Şərq ölkələrindəki səfirliklərə qayıdışı üçün hazırlıq görür. Oxu.Az xəbər verir ki, bu məlumatı nazirliyin daxili sənədinə istinadən "The New York Times" (NYT) nəşri yayıb. Qeyd edilib ki, əməkdaşların geri dönüşü və əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət tədbirlərinin yumşaldılması elə bu həftə başlaya bilər. Bildirilib ki, bu addım ABŞ rəhbərliyinin tərəflər arasında genişmiqyaslı hərbi toqquşmaların yenidən yaşanmayacağına əminliyini göstərir. Təsdiq edilmiş plana əsasən, diplomatlar ilk növbədə qismən Livan səfirliyinə qayıdacaqlar. BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Livandakı diplomatik nümayəndəliklərin kadr təminatı 85%, İraq, Küveyt və Bəhreyndə isə 75% səviyyəsinə çatdırılacaq. Gələcəkdə İsrail, İordaniya və Omandakı səfirliklərə isə personalın tam heyətlə qayıtması nəzərdə tutulur.
Mənbə
oxu.az