İdman
"Qarabağ"da zədəli futbolçuların son durumu: Elvin əməliyyat olunacaq
"Qarabağ" klubunda zədəli futbolçuların son durumları açıqlanıb. Oxu.Az xəbər verir ki, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə qoşulub. Renaldo Sefasın müalicəsi isə davam edir. Onun bərpa prosesində müsbət dinamika müşahidə olunur. Futbolçunun UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" ilə cavab oyununda heyətdə yer alma ehtimalı var. Sefasın meydana çıxıb-çıxmayacağı ilə bağlı yekun qərar onun son vəziyyəti nəzərə alınmaqla veriləcək. UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" ilə keçirilən cavab görüşündə zədələnən Elvin Cəfərquliyev isə əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və MRT nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə müəyyən edilib. İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib. İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər. Zakaria Savonun bərpa prosesi də davam edir. Onun təxminən 3-5 həftə ərzində məşqçinin sərəncamında olması gözlənilir.
Mənbə
oxu.az