Digər
Kopiyalanmış IMEI-kodlarla 1.6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI-kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Görülən tədbirlər çərçivəsində bu günədək kopiyalanmış 77 614 IMEI-koda "klon" statusu verilərək blok edilib. Araşdırmalar nəticəsində məlum olub ki, kopiyalanmış IMEI-kodlarla bu günə qədər 1 613 177 dəfə Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdi olub. Bütün cəhdlərin qarşısı "AzInTelecom"a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək alınıb. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI-kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə "mygov" portalında və ya fiziki formada poçt məntəqələrində həyata keçirmək mümkündür. Mobil cihazların saxta IMEI-kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir. "AzInTelecom" MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusu üzərində qeyd edilən IMEI nömrəsini "mygov" portalında yoxlamağı və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.
Mənbə
oxu.az