Dünya

Həkim stresdən sonra "oyanan" virusları sadaladı

24 Aug 2026, 04:36 3 baxış
Həkim stresdən sonra "oyanan" virusları sadaladı
Güclü və uzunmüddətli stres herpes və zona xəstəliyinin (kəmərləyici dəmrov) kəskinləşməsinə səbəb ola bilər. Bu viruslar orqanizmə daxil olduqdan sonra tamamilə yox olmur, passiv vəziyyətə keçərək sinir düyünlərində qalırlar. Oxu.Az Gazeta.Ru-ya istinadən xəbər verir ki, bunu "Meditsina" klinikasının həkim-psixoterapevti, tibb elmləri namizədi İrina Kraşkina bildirib. Həkimin sözlərinə görə, söhbət I və II tip herpes simplex viruslarından, həmçinin suçiçəyi virusundan gedir. İlkin infeksiyadan sonra viruslar illərlə orqanizmdə heç bir əlamət yaratmadan qala bilər. Müəyyən şəraitdə isə aktivləşərək sinir lifləri boyunca dəriyə yayılır və səpgilərə səbəb olur. Stres də virusun yenidən aktivləşməsinə səbəb olan amillərdən biri ola bilər. Güclü gərginlik zamanı beyin, hipofiz və böyrəküstü vəziləri birləşdirən sistem aktivləşir və kortizolun səviyyəsi artır. Bu hormon orqanizmin stresə uyğunlaşması üçün vacibdir. Lakin xroniki stres zamanı kortizol virus infeksiyalarına nəzarət edən T-limfositlərin və NK hüceyrələrinin fəaliyyətini zəiflədə bilər. Nəticədə immun sistem virusu passiv vəziyyətdə saxlamaqda daha çox çətinlik çəkir. Stres siqnalları virus DNT-sinin aktivliyini tənzimləyən proseslərə də təsir göstərə bilər. Bununla belə, insanlarda bu mexanizmlər hələ tam araşdırılmayıb. Mütəxəssis qeyd edib ki, stresdən əlavə, herpes viruslarının kəskinləşməsinə immunitetin zəifləməsi, kortikosteroidlərin qəbulu, kimyaterapiya, HİV, onkoloji xəstəliklər, hipotermiya, ultrabənövşəyi şüalanma, yuxusuzluq, xroniki yorğunluq, bəzi vitaminlərin çatışmazlığı, menstruasiya, hamiləlik və 50 yaşdan yuxarı olmaq da təsir göstərə bilər. Residivlərin qarşısını almaq üçün həkim yuxu rejimini normallaşdırmağı, müntəzəm orta səviyyəli fiziki fəaliyyətlə məşğul olmağı, SPF tərkibli kremlərdən istifadə etməyi və stresin idarə olunması üsullarından yararlanmağı tövsiyə edir. Herpes tez-tez təkrarlanırsa, həkim profilaktik antiviral müalicə təyin edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər