Dünya
Meqanın seriala qayıdışı baş tutmadı: Tamaşaçıların reaksiyası qərarı dəyişdi
Britaniya şahzadəsi, Sasseks hersoqu Harrinin həyat yoldaşı Meqan Markl tamaşaçıların mənfi reaksiyasına görə Qay Riçinin "Centlemenlər" serialında rol almayacaq. Oxu.Az xəbər verir ki, bu barədə "The New Yorker", "Tatler" və "Vanity Fair" jurnallarının keçmiş baş redaktoru Tina Braun "X" sosial şəbəkə hesabında məlumat verib. "Təcili xəbər: eşitmişəm ki, Meqan Markl artıq Qay Riçinin "Netflix" üçün çəkdiyi "Centlemenlər" serialında iştirak etməyəcək. İctimaiyyətin reaksiyası həddindən artıq sərt olub. Bu, Meqanın Britaniyada aktyorluq karyerasına qayıtmaq cəhdi üçün pis əlamətdir", - deyə o yazıb. Bir neçə gün əvvəl "Variety" Marklın serialın üçüncü mövsümündə rol almaq üçün danışıqlar apardığını xəbər vermişdi. Nəşrin məlumatına görə, danışıqlar ilkin mərhələdə olub və potensial rolu hələ müəyyən edilməyib. "The Wall Street Journal" yazır ki, cütlük britaniyalılar arasında çox populyar deyil və onlara qarşı tənqidi münasibət getdikcə artır. Harri ilə evlənməzdən əvvəl Markl aktrisa kimi fəaliyyət göstərib. Ona ən böyük şöhrəti "Fors-major" serialındakı Reyçel Zeyn rolu gətirib. O, həmçinin "Qran", "Kastl", "CSI: Nyu-York" və digər seriallarda çəkilib. 2017-ci ildə Markl aktyorluq karyerasını başa vurduğunu elan edib və bundan sonra çəkilişlərdə demək olar ki, iştirak etməyib.
Mənbə
oxu.az