Dünya

"Yeni Daşkənd" layihəsi - VİDEO

23 Aug 2026, 20:24 4 baxış
"Yeni Daşkənd" layihəsi - VİDEO
"Yeni Daşkənd" (Yangi Toshkent) Özbəkistanın paytaxtı Daşkənd şəhərinin şərqində həyata keçirilən iri şəhərsalma layihəsidir. Layihənin təməli 18 mart 2023-cü ildə qoyulub. Yeni şəhərin Daşkənd vilayətinin Yuxori Çirchiq və Orta Çirchiq rayonları ərazisində salınması nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, "Yeni Daşkənd" layihəsinin ümumi ərazisi 19 720 hektar təşkil edir. Şəhərin tam formalaşdıqdan sonra 2 milyon nəfər əhali üçün nəzərdə tutulması planlaşdırılır. Birinci mərhələdə 6 000 hektar ərazidə 600 min nəfər üçün müasir yaşayış və infrastruktur şəraiti yaradılacaq.

"Yeni Daşkənd"də 30 məktəb, 20 uşaq bağçası, bir çoxprofilli xəstəxana və beş ailə poliklinikasının inşası planlaşdırılır. Şəhərin əsas yaşıllıq zonasını 420 hektarlıq mərkəzi park təşkil edəcək. Burada təxminən 200 min ağac əkilməsi nəzərdə tutulur. Həmçinin 100 min avtomobil üçün yeraltı dayanacaqların, 14 müasir tunelin və yeddi körpünün tikilməsi planlaşdırılır. Şəhərin "ağıllı və yaşıl şəhər" prinsipi əsasında qurulması nəzərdə tutulur. Burada metro, elektrobuslar, velosiped və piyada yolları, müasir mühəndis infrastrukturu, biznes, təhsil, səhiyyə və texnologiya mərkəzləri yaradılacaq. Suya qənaət edən texnologiyaların tətbiqi nəticəsində su sərfinin iki dəfə azaldılması planlaşdırılır. Hazırda "Yeni Daşkənd"də tikinti işləri davam etdirilir. Layihənin mühüm obyektlərindən biri 55 min tamaşaçı tutumuna malik futbol stadionudur. Stadionun tikintisinə 2025-ci ilin noyabrında başlanılıb. 2026-cı ilin iyuluna qədər tikinti işlərinin təxminən 65 faizi tamamlanıb. Stadionda üç məşq meydançası və 5 500 avtomobil üçün dayanacaq yaradılacaq. Obyektin 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatında istifadə edilməsi planlaşdırılır. "Yeni Daşkənd" layihəsi ilə paralel olaraq Daşkənd vilayətində Yeni Daşkənd Beynəlxalq Hava Limanının yaradılması üzrə də işlər aparılır. Layihənin əsas məqsədləri paytaxtın nəqliyyat infrastrukturunu inkişaf etdirmək, Özbəkistanın tranzit potensialını artırmaq və beynəlxalq hava nəqliyyatı imkanlarını genişləndirməkdir. 2026-cı ilin əvvəlində layihə üzrə ekoloji təsirin qiymətləndirilməsi ilə bağlı ictimai dinləmələr keçirilib. "Yeni Daşkənd" layihəsi çərçivəsində Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin yeni kampusunun yaradılması da nəzərdə tutulub. Universitet üçün 40 hektar ərazi ayrılıb. Yeni kompleksin 20 min tələbə üçün nəzərdə tutulması planlaşdırılır. Kampusa müasir tədris binaları, elmi laboratoriyalar, kitabxana və informasiya-resurs mərkəzi, yataqxanalar, idman və mədəniyyət obyektləri daxil olacaq. 2026-cı ilin iyulunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yeni kampusun tikinti işləri ilə tanış olub. Hazırda kompleksdə, o cümlədən rektorluq və fakültə binalarında son tamamlama işləri aparılır. "Yeni Daşkənd"in inkişafı uzunmüddətli xarakter daşıyır. Şəhərin ayrı-ayrı hissələri mərhələlərlə istifadəyə veriləcək. 2045-ci il şəhərin uzunmüddətli inkişaf planında əsas hədəf tarixlərdən biridir. Bu səbəbdən "Yeni Daşkənd"in bütövlükdə bir tarixdə tamamlanması deyil, mərhələli şəkildə formalaşdırılması nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər