Dünya
İsrail ordusu Qəzzada HƏMAS komandirini öldürdüyünü açıqladı
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında radikal HƏMAS hərəkatının qərargahının ərazisində yerləşən silah istehsalı obyektinə zərbə endirdiyini və onun komandirini öldürdüyünü açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın açıqlamasında bildirilib. "SAXAL Qəzza zolağının Maqazi bölgəsində HƏMAS-ın silah istehsalı obyektinin komandiri İsmayıl Əbu Fulanı zərərsizləşdirib. Bundan əlavə, HƏMAS qərargahının ərazisində yerləşən obyektin özünə də zərbə endirilib", - açıqlamada qeyd olunub. İsrail ordusunun məlumatına görə, Əbu Fula HƏMAS-ın hərbi qanadı üçün partlayıcı qurğuların və tank əleyhinə raketlərin istehsalında fəal iştirak edib. Mətbuat xidməti bildirib ki, zərbə endirilən HƏMAS obyekti beynəlxalq təşkilat tərəfindən idarə olunan humanitar yardım paylama məntəqəsinin yaxınlığında yerləşib. Qurum bunu HƏMAS-ın humanitar yardım paylama mərkəzləri də daxil olmaqla, mülki infrastrukturu hərbi əməliyyatların hazırlanması və həyata keçirilməsi üçün sistematik şəkildə istifadə etməsinin daha bir nümunəsi adlandırıb. İsrail hərbçiləri əlavə edib ki, bu hərəkətlər HƏMAS-ın atəşkəs sazişini sistematik şəkildə pozduğunu, hərbi potensialını bərpa etməyə və qüvvələrini gücləndirməyə çalışdığını göstərir. SAXAL zərbədən əvvəl əhalinin xəbərdar edildiyini, həmçinin mümkün zərəri azaltmaq üçün yüksək dəqiqlikli sursatlardan istifadə və havadan müşahidə də daxil olmaqla əlavə tədbirlər görüldüyünü bildirib.
Mənbə
oxu.az