Dünya
Yəmən sahillərində neft tankeri quldurların əlinə keçdi
Somali quldurları Yəmən sahillərində Eritreya bayrağı altında üzən "M.T.Sibu 1" neft tankerini ələ keçirib. Oxu.Az ABC News-a istinadən xəbər verir ki, hadisə Yəmənin Əl-Mükəlla şəhərindən təxminən 136 dəniz mili şərqdə baş verib. Altı silahlı quldur tankeri Somalinin Puntland sahillərinə doğru aparıb. Gəminin göyərtəsində 20 heyət üzvü olub. Onlardan 16-sı Hindistan, biri Suriya, biri Sudan, biri isə İraq vətəndaşıdır. Daha bir heyət üzvünün milliyyəti məlum deyil. ABŞ Maliyyə Nazirliyi ötən il "Sibu 1" gəmisinə qarşı sanksiya tətbiq edib. Gəminin ABŞ sanksiyalarından yayınmaq məqsədilə neft məhsulları daşıyan İranın "kölgə donanması"na aid olduğu iddia edilib. Bu, aprelin 21-dən bəri Somali quldurları tərəfindən ələ keçirilən altıncı kommersiya gəmisidir. Sonuncu hadisədən üç gün əvvəl isə quldurlar Somali sahillərində "Lutuf" yük gəmisini ələ keçiriblər.
Mənbə
oxu.az