Dünya
Alimlər zamanı 10 dəfə daha dəqiq ölçməyin yolunu tapdılar
Vyana Texnologiya İnstitutunun alimləri atom saatlarında istifadə oluna biləcək xüsusi kristal hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu texnologiya nüvə saatlarının mövcud atom saatlarından 10 dəfə daha dəqiq olmasına imkan verə bilər. Oxu.Az bu barədə "Interesting Engineering" nəşrinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, alimlər sözügedən kristalın yaradılması üzərində 15 il çalışıblar. Tədqiqatçıların sözlərinə görə, lazer şüalanmasının təsiri altında elektronların enerji səviyyələri arasındakı keçidlərini ölçərək zamanı müəyyən edən atom saatları müasir dünyanın əsas texnologiyalarından biridir. İnsanlar atom saatlarından fərqində olmadan demək olar ki, hər yerdə istifadə edirlər. Lakin yüksək dəqiqliyinə baxmayaraq, bu cihazlar maqnit və elektrik sahələrinin təsirinə son dərəcə həssasdır. Müdaxilələrdən qorunmaq üçün hazırkı atom saatlarında böyük vakuum kameralarından və xüsusi ekranlardan istifadə olunur. Bu isə xeyli yer tutur. "Bunun qarşısını almaq üçün hazırda alimlər atomun daha dərin qatlarına nüfuz edən və zamanı izləmək üçün nüvənin daxilindəki neytronun enerji keçidlərindən istifadə edən nüvə saatları hazırlayırlar", - deyə nəşr yazıb. Yeni kristalın bu istiqamətdə mühüm texnoloji addım olduğu və gələcəkdə daha dəqiq vaxtölçmə sistemlərinin yaradılmasına imkan verə biləcəyi bildirilir.
Mənbə
oxu.az