Siyasət
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna yeni bina təklif olunub
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna Rumıniyanın keçmiş baş konsulluğunun binasında yerləşmək təklif edilib. Oxu.Az "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Sankt-Peterburqda xarici nümayəndəliklərə xidmət göstərən "İnpredservis" müəssisəsinin baş direktoru Vladimir Zapevalov bildirib. Rumıniya nümayəndəliyi Qoroxovaya küçəsi, ev 4 ünvanında yerləşirdi. "Biz artıq onlara Rumıniyanın keçmiş konsulluğunun binasını təklif etmişik, dünən rəsmi məktubu imzaladım", - deyə Zapevalov bildirib. Müsbət cavab veriləcəyi təqdirdə, sahələr təmir olunacaq və Azərbaycan tərəfinə təhvil veriləcək. Daha əvvəl Azərbaycan Sankt-Peterburqda yeni yerləşmə yeri üçün müraciət etmişdi. Müraciət əsasında diplomatik korpusa Bolqarıstanın Sapyornı döngəsindəki keçmiş baş konsulluğunun binası təklif olunsa da, sahəsinə görə münasib hesab edilməmişdi. Hazırda Azərbaycanın baş konsulluğu 2-ci Sovetskaya küçəsində fəaliyyət göstərir. Qeyd edək ki, iyunun 25-də Rusiya Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunu arzuolunmaz şəxs elan edərək, respublikaya baş konsulluğun fəaliyyətini dayandırmaq üçün 30 gün vaxt vermişdi. Bu, Rumıniya XİN-in Rusiyanın Konstantsadakı baş konsulluğuna qarşı analoji qərarına cavab addımı idi. Rumıniyalı diplomatlar iyulun 24-də Qoroxovayadakı binanı tərk ediblər. İyulun sonunda Rumıniya, həmçinin Moskvadakı səfirini geri çağırıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər