Siyasət

Nüvə düyünü və diplomatik gedişlər: Tramp Şimali Koreya ilə bağlı hansı addımları atacaq?

19 Aug 2026, 17:40 3 baxış
Nüvə düyünü və diplomatik gedişlər: Tramp Şimali Koreya ilə bağlı hansı addımları atacaq?
ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin vaxtından əvvəl başa çatdırılması Koreya yarımadasında diqqətləri Vaşinqtonun Şimali Koreya siyasətinə yönəldib. Təlimlərin avqustun 17-dən 27-dək keçirilməsi planlaşdırılsa da, ABŞ-nin təklifi ilə onun müddəti və miqyası azaldılıb. Təlimlər avqustun 21-də başa çatacaq. İlk baxışdan, bu, sadəcə, hərbi təlimlərin qrafikində dəyişiklik kimi görünə bilər. Lakin Vaşinqtonun bu qərarı ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla münasibətlər barədə son açıqlamaları fonunda daha böyük siyasi məna kəsb edir. Tramp son dövrlər Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu xüsusi olaraq vurğulayıb. Cənubi Koreya ilə keçirilən hərbi təlimlərin müddətinin azaldılması məhz bu nüansla əlaqələndirilə bilər. Bu isə Vaşinqtonun Şimali Koreyaya münasibətdə hərbi təzyiqdən daha çox, diplomatik kanallara üstünlük verməyə hazırlaşdığı barədə ehtimallar yaradır. Əslində, Tramp və Kim Çen In arasında dialoq yeni məsələ deyil. Donald Trampın ilk prezidentliyi dövründə tərəflər üç dəfə görüşüblər. Lakin 2019-cu ildə Hanoyda keçirilən sammitdən sonra danışıqlar faktiki olaraq dalana dirənmişdi. İndi isə Vaşinqtonun Pxenyana münasibətdə yenidən fərqli xətt formalaşdırdığı görünür. Cənubi Koreya hakimiyyəti də Tramp və Kim arasındakı münasibətlərin ABŞ ilə Şimali Koreya arasında yeni dialoqa yol aça biləcəyinə ümid etdiyini açıqlayıb. Bu münasibətlər Koreya yarımadasında sülh və sabitliyin təmin olunması üçün yeni diplomatik imkan yarada bilər. Hərbi təlimlərin vaxtının qısaldılmasını Trampın Kim Çen Inla yeni görüşə zəmin yaratmaq cəhdi kimi düşünmək olar. Şimali Koreya uzun illərdir ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini özünə qarşı təhlükə kimi təqdim edir. Pxenyan dəfələrlə bildirib ki, bu təlimlər dayandırılmadan ABŞ ilə münasibətlərdə ciddi irəliləyiş əldə etmək çətindir. Əgər ABŞ-Şimali Koreya təmasları, həqiqətən, bərpa olunarsa, növbəti mərhələ birbaşa Tramp və Kim Çen In arasında görüşün təşkili ola bilər. Ancaq bu görüşün baş tutması avtomatik olaraq nüvə probleminin həll ediləcəyi anlamına gəlmir. 2018-ci ildə Sinqapurda başlayan və 2019-cu ildə Hanoyda davam edən danışıqlar göstərdi ki, Vaşinqtonla Pxenyan arasında əsas fikir ayrılığı Şimali Koreyanın nüvə proqramı və sanksiyaların aradan qaldırılması məsələsində qalır. İndi vəziyyət daha da mürəkkəbdir. Şimali Koreya nüvə və raket imkanlarını inkişaf etdirməyə davam edir və Rusiya ilə hərbi əməkdaşlığını da genişləndirib. Buna görə Trampın qarşısında yalnız Kimlə görüşmək deyil, həm də bu dəfə konkret nəticə əldə etmək kimi daha çətin vəzifə dayanır. Əgər bu xətt davam edərsə, növbəti aylarda ABŞ-Şimali Koreya təmaslarının intensivləşməsi, Kim Çen Inla Donald Tramp arasında yeni görüşün gündəmə gəlməsi və hərbi təlimlər məsələsinin daha böyük diplomatik razılaşmanın tərkib hissəsinə çevrilməsi mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər