Cəmiyyət
Rusiya ordusunda xidmət etmişdi, indi ona qarşı döyüşürdü: Qoca polkovniklə unudulmaz görüş - FOTO
- Çox var hələ çatmağa? - Var hələ. Nə vaxt çatmaq yox, salamat çatmaq əsasdır. - Günorta keçməmiş yəqin çatarıq. - Səbir edin, xahiş edirəm. Salamat çataq bir... - deyə Zaporojye vilayətinin kələ-kötür kəndlərarası yolları ilə maşının sürətini artıran ukraynalı hərbçi etiraz tonunda səsini qaldırdı. Daha dinməyib, sürətlə gedən maşının pəncərəsindən dağılmış kəndləri seyr etməyə davam etdim. Bura Zaporojye vilayətinin cəbhə xətti idi. Daha dəqiq desək, Rusiya ordusunun zəbt etdiyi Tokmak şəhərindən 5-7 kilometr məsafədə idi. Çəkilişləri bitirib, geri Zaporojye şəhərinə qayıdırdım. Yeri gəlmişkən, Tokmak bu bölgədə yeganə türk mənşəli toponim deyil, Zaporojye vilayətində xeyli qəsəbə və yer adları var ki, türk mənşəlidir. Dağılmış kəndlərin arası ilə keçirdik. Maşın ona görə daha böyük sürətlə gedirdi ki, qəflətən hansısa qumbaraatan və ya minaatanın hədəfinə tuş gəlməyək. Çünki ətraf diversiya qrupları ilə dolu idi. Daha doğrusu, onların həmlələri, diversiya döyüşləri ilə əhatələnirdi. Nahar vaxtına şəhərə çatdıq. 2022-ci ilin iyun ayı Zaporojyeyə sərt istilərlə gəlmişdi. Məni burada qaldığım evin yanında düşürüb, sabah səhər erkən yenidən çəkiliş üçün götürəcəklərini vəd edib getdilər. Qaldığım ev Vitaliy adında yerli sakinin evi idi. Onunla Kiyevdən Azərbaycan diasporundan bir nəfər vasitəsilə tanış olmuşdum. Gələndə vağzalda özü qarşılayıb, birbaşa evinə gətirdi. Oteldə qalmağıma imkan verməmişdi. İndi də məni hərbçilər buraya qaytarıb düşürəndə evə qalxmağa tələsmədim. Bura yaxın bir pivəxana vardı. Havanın istisindən, saatlardır döyüşlər gedən yerlərdə aldığım stresdən evdən çox pivəyə tələsdim. Havadan sanki od ələnirdi. Elə bil yayın istisinə hər gün vilayətə yağdırılan raket və mərmilərin istisi də qarışmışdı. Yeri gəlmişkən, Ukraynada iki yerin pivəsi mənim üçün çox dadlıdır: Çerniqov və Zaporojye vilayətlərinin... Pivəxanada yenicə sərinləyirdim ki, Vitaliydən zəng gəldi. Çəkilişdən qayıdıb-qayıtmadığımı öyrəndi. Dərhal təklifə keçdi: - Yorulmamısansa, səni bir maraqlı insanla tanış etmək istəyirəm... - Fiziki yox, amma stresdən yorulmuşam. Keçib bir az dincəlim evdə, onsuz da bu gün çəkilişim yoxdur. Axşam olar? - Hə, olar. O zaman 5-dən sonra səni götürəcəyəm, - deyib sağollaşdı. Axşam elə dediyi vaxtda aşağıda, binanın qarşısında gözləyirdi. Aşağı düşüb keçib maşınında yanında əyləşən kimi, avtomobili hərəkətə gətirərək sözə başladı: - Düşündüm, sənin üçün maraqlı olar. Ona görə təklif etdim. Onun təsvirini dinləyərək pəncərədən bayırı seyr edirdim. Maşın axşamın gözəlliyini özündə əks etdirən Zaporojye şəhərinin sakit küçələri ilə şütüyürdü. Belə sakitlik müharibə vaxtı burada nadir hallarda tapılırdı. Və dərhal gözəllik özünü göstərirdi. Ümumiyyətlə, sanki tanrı Ukraynanı yaradanda təbiətə gözəlliyi heç əsirgəməyib. Vilayət hərbi administrasiyasının binasına çatdıq. Yoxlanışdan sonra içəri keçib, elə birinci mərtəbədə bir otağa daxil olduq. İçəridə masa arxasında iki nəfər əyləşmişdi, biri yaşlı, biri gənc. İkisi də qalxıb bizi qarşılayıb salamlaşdılar. Yaşlı olan görüşünə gəldiyimiz adam idi. Qısa söhbətdən məlum oldu ki, adı Timofeydir. 66 yaşı var. Amma görünüşündən qətiyyən bu yaşı vermək mümkün deyildi. Sovet ordusunda zabit olaraq 4 il Əfqanıstanda döyüşüb. SSRİ dağıldıqdan sonra bir müddət Rusiya Federasiyası ordusunda qalıb xidmət edib. 1994-cü ildə məşhur "Beslan əməliyyatı"nda iştirak edib. 1996-cı ildən köçürülmə yolu ilə vətəni Ukraynada xidmətə keçib. 2005-ci ildə ehtiyata çıxsa da, bu müharibə başlayan kimi, 2022-ci ilin martında təcrübəsinə görə yenidən döyüşə çağırılıb. Ərazi özünümüdafiə qüvvələrində Zaporojyedəki briqadalardan birinin komandiridir. Ukrayna ordusunun briqada komandiri kimi Rusiya ordusunun hücumlarına qarşı vuruşurdu. Bir vaxtlar xidmət etdiyi ordu indi onun vilayətinə hücum etmişdi, o da ona qarşı vuruşurdu... - Yəqin, o tərəfdə bir vaxtlar birgə xidmət etdiklərinizdən olmuş olar, - deyə ağlıma ilk gələn və marağımı boğa bilmədiyim sualı verdim. - Əlbəttə... Elə iki istiqamətdə Zaporojyeyə hücum edən hər iki Rusiya diviziyasının komandirləri ilə vaxtilə həm Əfqanıstanda, həm də Çeçenistanda birlikdə xidmət etmişik. Hətta onlardan biri milliyyətcə ukraynalıdır... - Hansı hissləri keçirirsiniz? - Qarışıq. İzah edə bilmirəm. Bilirəm, soruşacaqsınız, dərhal cavab verim. Onlarla cəbhədə indi qarşılaşsam belə, nə edəcəyimi belə bilmirəm. Baxmayaraq ki, artıq onlar mənim düşmənimdir. Onların da nə edəcəyini bilmirəm. - Bu müharibəni gözləyirdiniz? - Mən gözləyirdim. Bilirsən necədir, oğul, - deyib sözünə ara verərək əlinin altındakı qutudan bir siqaret çıxardıb, yanındakına işarə etdi ki, pəncərəni açsın. Yandırıb sözünə davam etdi: - Ona görə ki, Ukraynadan başqa, içində siz Azərbaycan da qarışıq, bütün keçmiş sovet ölkələri SSRİ dağılan kimi müstəqilliyin dəyərini qanınızla ödədiniz. Amma bizə - Ukraynaya 90-cı illərin əvvəllərində bunu "podnosda" təqdim etdilər. Müstəqilliyin dəyərini yaxşı qiymətləndirə bilmədik buna görə də... Amma 2014-cü ildən bəri bu səbəbdən qanımızla ödəyirik. Buna görə də bir tərəfdən bu müharibə lazımdır ki, ukraynalı müstəqilliyin və özünüidarəetmənin məsuliyyətini dərk etsin. Amma bu müharibənin bədbəxt tərəfi də var... - O nədir? - Biri odur ki, biz dindaş qardaşlarımızdan özümüzü qoruyuruq. Biri də odur ki, bu müharibədə əsl vətən təəssübü çəkən, sağlam ukraynalılar qırılıb bitir. Bizdə siz müsəlmanlardakı kimi törəyib-artmaq ənənəsi güclü deyil. Yerdə qalan qaçıb gizlənən, qarışıqlardan yaranan vətəndaşlardır ki, gələcəkdə xalq onlardan ibarət olacaq. Mən istəməzdim mənim xalqım elələrindən ibarət olsun... Qoca polkovniklə xeyli söhbət etdik. Xeyli mövzudan danışdı, hansı ki, hamısını birdən yazmaq mümkün deyil. Amma müsahibə vermədi. Heç xatirə üçün foto çəkdirməyə də razılaşmadı. "Mən indi baş verənlərin xatirəsinə çevrilmək istəmirəm", - deyə səbəbini yarızarafat izah etdi. Aradan 3 il keçmişdi. 2025-ci il idi. Bir dəfə məni onunla aparıb tanış edən Vitaliylə telefonda danışan zaman qoca polkovnik yadıma düşüb, onu soruşdum. Vitaliy kədərli cavab verdi: - O, 1 ildir ordudan uzaqlaşdırılıb. Siyasi rəhbərlikdə olanlara çox etirazlar edirdi...
{{gallery}} Mübariz Aslanov
{{gallery}} Mübariz Aslanov
Mənbə
oxu.az