Dünya
Trampın kürəkəni HƏMAS-a tərk-silahla bağlı sərt ultimatum verib
ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi elçisi Cared Kuşner tərk-silahla bağlı HƏMAS-a sərt ultimatum irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. O xəbərdarlıq edib ki, Fələstinin radikal hərəkatı Qəzzada tərk-silah olunmaqla bağlı öhdəliklərini yerinə yetirməlidir, əks halda "başlanmış işi tamamlamaq" üçün İsrailin hərbi əməliyyatı ilə üzləşəcək. Bildirilir ki, Kuşner bu bəyanatla HƏMAS nümayəndələri ilə təkbətək görüşdən sonra çıxış edib. "Onlar tamamilə doğru sözlər danışırdılar, lakin bu cür dəhşətli vəhşiliklər törətmiş terror təşkilatına inanmaq, təbii ki, çox, həm də çox çətindir. Buna baxmayaraq, çox isti görüşümüz oldu və onlar doğru şeylər söylədilər, buna görə də biz onlara özlərini göstərmək üçün şans verəcəyik", - deyə Amerika liderinin xüsusi elçisi bildirib. ABŞ prezidentinin kürəkəni qeyd edib ki, Fələstinin radikal HƏMAS hərəkatının tərk-silah edilməsi prosesinə artıq 30 gün ərzində, tunellərin bir hissəsinin ləğvi işlərinə isə yaxın 60-90 gün ərzində başlanıla bilər. "Hər hansı birbaşa təhlükə yaranacağı təqdirdə biz İsrailin özünümüdafiə hüququnu məhdudlaşdırmaq niyyətində deyilik. Bunun məhz nə demək olduğunu aydınlaşdırmalı olduq", - deyə Kuşner vurğulayıb. Onun sözlərinə görə, silahların bir qisminin müsadirə edilməsi də daxil olmaqla, irəliləyişlər "artıq 30 gün ərzində" başlaya bilər. "Ümid edirəm ki, növbəti 60-90 gün ərzində tunellərin bir hissəsinin ləğvi də başlayacaq, buna görə də inkişaf kifayət qədər tez əldə oluna bilər", - deyə o əlavə edib. Kuşner vurğulayıb ki, bunun üçün hər iki tərəfin əməkdaşlığı tələb olunacaq.
Mənbə
oxu.az