Dünya
Məşhur nəşrdən iddia: "ABŞ rəsmisi Kreml ilə "səssiz" danışıqlar aparıb"
2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak üçün Rusiyaya səfər edən ABŞ Gözəl Sənətlər Komissiyasının sədri Rodni Mims Kuk (kiçik) "səssiz" diplomatik missiya çərçivəsində burada Kreml nümayəndələri ilə danışıqlar aparıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Financial Times" (FT) nəşri məlumatlı mənbələrə istinadən yazıb. Məlumata görə, səfərindən əvvəl o, diplomatik pasport alıb və ətraflı təlimatlardan keçib. Qəzetin iddiasına görə, Rodni Mims Kuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Kreml məmurları ilə görüşüb. Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio iddia edirdi ki, ABŞ nümayəndə heyətinin Sankt-Peterburqa səfəri barədə ona heç nə məlum deyil. Buna baxmayaraq, FT-nin iki mənbəsinin bildirdiyinə görə, Vaşinqton ümid edirdi ki, Kuk kimi qeyri-standart elçilər Rusiya-Ukrayna münaqişəsi üzrə diplomatik prosesi "ölü nöqtə"dən tərpədə bilərlər. Məlumatlı mənbədən birinin sözlərinə görə, Kuk ilə görüşən şəxslər arasında Rusiya prezidentinin müşaviri Anton Kobyakov da olub. Eyni zamanda, Rodni Mims Kuk Rusiya rəsmiləri ilə görüşlərinin detallarını qəzetə açıqlamayıb və ya ABŞ Prezidenti Donald Trampın ona təmasları yoluna qoymağı tapşırıb-tapşırmadığı sualına cavab verməyib.
Mənbə
oxu.az