Dünya
İtaliyada valideynlər vəfat edən oğullarını yatmış bilib 100 kilometr yol getdilər
İtaliyada valideynlər 31 yaşlı oğullarının vəfat etdiyini dərhal anlamayıb, onun sadəcə yatdığını düşünərək meyiti ilə birlikdə təxminən 100 kilometr yol qət ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb. Hadisə Turin-Pyaçentsa avtomagistralında baş verib. Avtomobili ata idarə edib, ana ön, oğulları isə arxa oturacaqda əyləşib. "Əslən Rumıniyadan olan 31 yaşlı kişi ürək çatışmazlığından vəfat edib. O, kömək çağırmaq üçün heç bir söz deməyə belə imkan tapmayıb", - deyə nəşrin materialında bildirilib. Valideynlərinin sözlərinə görə, gəncin ürəyində əvvəllər kiçik problemlər olub. Oğlu suallara cavab verməyi dayandırdıqda, onun yuxuya getdiyini düşünüblər və yollarına davam ediblər. Yalnız yol kənarındakı dayanacaqda saxlayaraq oğullarını oyatmağa çalışarkən onun nəbzinin vurmadığını aşkar ediblər. Əraziyə təcili tibbi yardım cəlb olunsa da, həkimlər yalnız ölüm faktını təsdiqləyə biliblər. Valideynlər bildiriblər ki, oğullarının son sözlərini onun vəfat etdiyini anladıqları yerdən təxminən 100 kilometr əvvəl eşidiblər.
Mənbə
oxu.az