Dünya
ABŞ-də avtomobil açıq hərracda 42.9 milyon dollara satıldı - FOTO
1964-cü il istehsalı olan "Shelby Cobra Daytona" kupesi 42.9 milyon dollara satılaraq ABŞ-nin Monterrey şəhərində keçirilən açıq hərracda satılan ən bahalı Amerika avtomobili olub. Oxu.Az "Carscoops"a istinadən xəbər verir ki, avtomobil əvvəlcə 25 milyon dollar qiymətləndirilmişdi. "Daytona Coupe" modeli Kerroll Şelbi tərəfindən həmin dövrdə yarışlarda dominantlıq edən "Ferrari" ilə rəqabət aparmaq üçün hazırlanıb. Kupenin əsasında Şelbinin əvvəllər V8 mühərriki ilə təchiz edərək "Cobra"ya çevirdiyi Britaniya istehsalı "AC Ace" rodsteri dayanırdı. "Ferrari 250 GTO" ilə mübarizə aparmaq üçün daha yaxşı aerodinamikaya malik qapalı kuzaya ehtiyac yaranıb və nəticədə "Daytona Coupe" hazırlanıb. Hərracda satılan CSX2300 şassisi bu seriyanın hazırlanmış ilk kupesi olub. Ümumilikdə belə avtomobillərdən cəmi altı ədəd istehsal edilib. Avtomobil 1964-cü ildə FIA GT çempionatının final mərhələsində debüt edib və dərhal uğur qazanıb. Daha sonra "24 saat Le-Man" yarışında iştirak edib və dirsəkli valın nasazlığı səbəbindən yarışdan çıxana qədər lider olub. 1965-ci ildə avtomobil ABŞ-nin Daytona və Sebrinq şəhərlərində, həmçinin Almaniyada keçirilən "1000 km Nürburqrinq" və Fransadakı "12 saat Reyms" yarışlarında iştirak edib. 1966-cı ildə avtomobil Pensilvaniyadan olan şəxsi kolleksiyaçıya satılıb. Daha sonra yenidən satılaraq Yaponiyaya göndərilib və burada yarışlarda iştirakını davam etdirib. Sonralar avtomobil Şelbinin özünə qayıdıb, bərpa edilib və daha sonra bir neçə dəfə sahibini dəyişib. 1990-cı illərin sonundan etibarən iyirmi ildən çox müddət ərzində avtomobil kolleksiyaçı Larri Boumanın mülkiyyətində olub. Yeni sahibin kimliyi açıqlanmır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az