Dünya
"Uber" və "Zipline" ABŞ-də dronla çatdırılma xidmətinə başlayır
"Uber" ABŞ-də dronlarla çatdırılma xidmətinə başlayacaq. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, "Uber Technologies" və "Zipline" şirkətləri ABŞ-də "Uber Eats" müştəriləri üçün avtonom dronlarla çatdırılma xidmətinin işə salınması məqsədilə tərəfdaşlıq barədə razılığa gəliblər. Tərəfdaşlıq çərçivəsində "Uber" dronla çatdırılma şirkəti "Zipline"a strateji investisiya da yatırıb. Şirkətlər 2029-cu ilin sonunadək gündə 1 milyon dron çatdırılmasına nail olmağı planlaşdırırlar. İlk çatdırılmaların bu ilin sonunda həyata keçirilməsi nəzərdə tutulur. Xidmət əvvəlcə "Zipline"ın ABŞ-də artıq fəaliyyət göstərdiyi ərazilərdə istifadəyə veriləcək. Daha sonra isə onlarla əlavə şəhərə genişləndiriləcək. Dörd qitədə fəaliyyət göstərən "Zipline" indiyədək 2 milyon çatdırılma həyata keçirib. Şirkət bu ilin əvvəlində 800 milyon dollar investisiya cəlb edib. Son qiymətləndirməyə əsasən, "Zipline"ın dəyəri 7.6 milyard dollar təşkil edir.
Mənbə
oxu.az