Dünya
İraq-İran arasında YENİ GƏRGİNLİK: Bərzaninin ofisinə hücum gündəmi qarışdırdı
İraqın xarici işlər naziri Fuad Hüseyn ölkənin şimalında yerləşən Kürdüstan Regional Hökumətinin rəhbəri Məsrur Bərzaninin ofisinə edilən hücumla bağlı İrandan rəsmi izahat tələb edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, Fuad Hüseyn İranın xarici işlər naziri Abbas Əraqçı ilə telefon danışığı zamanı Məsrur Bərzaninin ofisinə hücumu müzakirə edib. İraqın xarici işlər naziri hadisənin "gərginliyi artıra biləcək və regionda sabitliyi təhlükə altına qoyacaq təhlükəli presedent" olduğunu bildirib. İraq XİN vurğulayıb ki, Hüseyn hücumla bağlı İranın rəsmi mövqeyinə aydınlıq gətirilməsini istəyib. Abbas Əraqçı isə öz növbəsində İran tərəfinin hücumun İslam Respublikası ərazisindən edildiyini göstərən hər hansı məlumata malik olmadığını qeyd edib. İranın xarici işlər naziri bu insidentlə bağlı İran hökumətinin mövqeyini açıqlayan rəsmi bəyanat yayılacağını bildirib. Qeyd edək ki, daha əvvəl Məsrur Bərzaninin ofisi onun İran tərəfindən buraxıldığı iddia edilən pilotsuz uçuş aparatının hücumuna məruz qaldığını açıqlayıb.
Mənbə
oxu.az