Siyasət
Prezident TƏSDİQLƏDİ: Dövlət əmlakını özəllə dəyişdirmək mümkün olacaq
Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Bununla Azərbaycanda dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi əsası yaradılır. Bununla belə, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz. Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmin qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər. Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək. Dövlət başçısı yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər