Tibr çayı azaldı, 2 min il əvvəlin körpüsü üzə çıxdı - Foto
İtaliyanın paytaxtı Romada Tibr çayında suyun səviyyəsinin azalması nəticəsində təxminən 2 min il əvvəl tikilmiş qədim Roma körpüsünün qalıqları üzə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, Avropada hökm sürən isti hava və yağıntıların olmaması Tibr çayında suyun səviyyəsinin kəskin azalmasına səbəb olub. Çayda su sərfinin saniyədə 80 kubmetrdən aşağı düşdüyü, bunun iyul ayı üzrə orta göstəricinin təxminən yarısı olduğu bildirilib. Neron körpüsü vaxtilə Romanın mərkəzini Tibr çayının sağ sahili ilə birləşdirib.
Arxeoloq Antonella Bonininin sözlərinə görə, körpü ən çox Roma imperatoru Neronla əlaqələndirilsə də, alimlər onun daha əvvəl inşa edildiyini düşünürlər. Ehtimala görə, körpü Neronun əmisi, imperator Kaliqulanın dövründə tikilib və onun artıq eramızın 39-cu ilində mövcud olduğu məlumdur.