Dünya
Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Dövlət Departamenti tərəfindən müvafiq məktubun layihəsi hazırlanıb. Sənəd yarımkeçiricilərin, süni intellekt modellərinin və mühüm mineralların tədarük zəncirlərini qorumaq məqsədilə 2025-ci ildə yaradılmış "Pax Silica" təşəbbüsünün iştirakçılarına ünvanlanıb. Bu platformaya Yaponiya, Avstraliya, Cənubi Koreya və Qazaxıstan da daxil olmaqla, 20-yə yaxın ölkə qoşulub. Mətndə qeyd olunur: "Hər şeyin bir parçası olmaq, heç nəyin bir parçası olmamaq deməkdir. "Pax Silica" bəyannaməsini imzalamaq sadəcə üzvlük qeydiyyatı deyil, bir öhdəlikdir". Məktubda diqqətə çatdırılır ki, ABŞ-nin təşəbbüsündə iştirak etmək ziddiyyətli tələbləri olan təkrarlanan proqramlara üzvlüklə bir araya sığmır. Dövlətləri məcburi seçim qarşısında qoymaqla ABŞ ən qabaqcıl süni intellektin yaradılması uğrunda mübarizədə Çini resurslardan məhrum etməyi planlaşdırır. 2026-cı ilin iyul ayında ÇXR sədri Si Cinpin rəqabət aparan təşəbbüsə start verib. Hələlik hər iki proqrama eyni vaxtda qoşulan yeganə ölkə Qazaxıstan olub.
Mənbə
oxu.az