Dünya
Koreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb
Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın fərqli bölgələrindəki müharibələrin insanlarımızın həyatına necə təsir etdiyini dərindən dərk edirik. Öz ərazimizdə baş verəcək münaqişə və gərginliyin nəticəsi isə qat-qat ağır olar", - deyə Li Çje Myon diqqətə çatdırıb. O qeyd edib ki, hələ 2025-ci ildə Şimali Koreyanın mövcud sisteminə hörmət etməyə və yarımadanı udulma yolu ilə birləşdirməyə çalışmamağa hazır olduğunu vurğulayıb. Həmin vaxt Li Çje Myon Seulun Pxenyana qarşı düşmənçilik niyyətində olmadığını diqqətə çatdırmışdı. İndi isə Cənubi Koreya rəhbəri öz siyasi mövqeyini daha geniş şəkildə şərh edib. "Ən əsası, biz qarşılıqlı hörmət və dözümlülük prinsiplərinə söykənərək sülh içində yaşamağa cəhd göstərməliyik. Öz daxili qaydalarımızdan, təsisatlarımızdan və yanaşmalarımızdan yola çıxaraq, aqressiyanı azaltmağa səy göstərməliyik", - deyə Koreya Respublikasının lideri vurğulayıb. "İnanıram ki, Şimal və Cənub ortaq rifah və sülh şəraitində birgə yaşayış naminə eyni masa ətrafında toplana biləcək", - deyə Li Çje Myon fikirlərinə əlavə edib. Onun qənaətinə görə, həyata keçiriləcək danışıqlar prosesi "güzəştə getmək deyil, dinc yanaşı yaşamağın təməli" hesab olunacaq. "Sülhə əsaslanan birgə yaşayış sistemi möhkəm olmalı və hər cür qarşıdurma motivlərindən təmizlənməlidir", - deyə o qeyd edib. Li Çje Myon bildirib ki, bu məqsədə çatmaq üçün gərginlik və münaqişələri önləyəcək təsirli mexanizmlər yaradılmalıdır. 19 sentyabr 2018-ci ildə əldə olunmuş gərginliyin azaldılması ilə bağlı hərbi sazişin hazırda hər iki tərəfdən müəyyən dərəcədə yerinə yetirilmədiyi məlumdur. O, həmçinin Koreya müharibəsini (1950-1953) dayandıran atəşkəs rejiminin əvəzinə yarımadada əhatəli "sülh sisteminin" yaradılmasını təklif edib. "Şimalın buna müsbət cavab verməsi Koreya yarımadasında dayanıqlı sabitliyin təmin edilməsi yönündə addımlar atmağımıza şərait yaradacaq", - deyə Li Çje Myon bildirib. Regiondakı mövcud vəziyyətin bütövlükdə Şimal-Şərqi Asiya coğrafiyasına təsir etdiyini deyən rəhbər vurğulayıb ki, burada sülhün əldə olunması "qlobal miqyasda nüvə silahlarından imtina edilməsinə" zəmin yaradacaq. Şimali Koreya tərəfi isə ölkənin nüvə statusunun heç bir halda müzakirə edilməyəcəyini dəfələrlə açıqlayıb. Xatırladaq ki, 1945-ci ildə Yapon işğalından qurtuluş günü həm Şimali, həm də Cənubi Koreyada rəsmi şəkildə qeyd edilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər