Dünya
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda kütləvi elektrik enerjisi kəsintiləri baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstanın "Kaktus", Tacikistanın "Asia Plus", Qazaxıstanın "Tengrinews" və Özbəkistanın "Gazeta" nəşrləri məlumat yayıb. Məlumata görə, Almatının demək olar ki, bütün ərazisi işıqsız qalıb, Qazaxıstanın cənub vilayətlərində də elektrik enerjisinin verilişi dayandırılıb. Daşkənddə metro fəaliyyətini dayandırıb. Qazaxıstan Energetika Nazirliyi kəsintilərin enerji sistemində baş verən nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə üç elektrikötürücü xətt avtomatik olaraq açılıb və Qazaxıstanın enerji sisteminin cənub zonası Mərkəzi Asiyanın vahid enerji sistemindən ayrılıb. Elektrik təchizatında məhdudiyyətlərin həcmi təxminən 2 810 MVt təşkil edib. KEGOC-un məlumatına görə, Bakı vaxtı ilə saat 17:09-da Qazaxıstanın enerji sisteminin normal iş rejimi tam bərpa olunub.
Mənbə
oxu.az