Bu əməliyyatla Ukraynanın mövqeyi dəyişdi
Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əməliyyatından təxminən iki il keçib və bu müddət ərzində Ukraynanın mövqeyi dəyişib.
Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” portalı yazıb.
Xatırladılıb ki, 2025-ci ilin fevralında Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrini demək olar ki, tamamilə Kursk vilayətindən çıxarmağa nail olmuşdu. Bunun fonunda Vladimir Zelenskinin o vaxt yeni seçilmiş prezident Donald Trampla ilk görüşü baş tutmuşdu. Həmin görüş isə iki prezident arasında mübahisə ilə nəticələnmişdi.
İndi isə Kiyev amerikalı nümayəndələrin səfərini gözlədiyi bir vaxtda Ukrayna daha güclü mövqedədir. Nəşr yaxın vaxtlarda sülh əldə olunması ehtimalını “çox cüzi” hesab etsə də, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli zərbələr sahəsində əldə etdiyi nəticələr Kiyevin Rusiyaya təzyiq göstərmək üçün Trampın dəstəyinə ümid etməsinə imkan verir.
Jurnalistlər qeyd edirlər ki, Kursk əməliyyatı vəziyyəti Ukraynanın xeyrinə dəyişməli idi. Lakin nəticədə bu əməliyyat “dəhşətli məğlubiyyətlə” başa çatdı, çünki Ukrayna Silahlı Qüvvələri həmin regiondan geri çəkilməyə məcbur oldu. Həm hərbçilər, həm də mülki şəxslər bu əməliyyatı “məntiqsiz” və “itkilərə dəyməyən” bir addım kimi qiymətləndiriblər.
Bununla belə, jurnalistlərin fikrincə, Ukrayna bu əməliyyatdan dərs çıxarıb və indi ələ keçirmək, təmin etmək və müdafiə etmək tələb olunmayan yeni bir üstünlük əldə edib. Söhbət Rusiyaya qarşı uzaqmənzilli zərbələr kampaniyasından gedir.