İdman
Qurban Qurbanovdan "Sabah"a DƏSTƏK: "Azərbaycan futboluna böyük inam verir"
"Sabah"a uğurlar arzulayıram. Belə nəticələr olmasa, futbolumuz inkişaf etməz". Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo Kiyev" (2:0) oyunundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, ilk mövsümdən Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq böyük uğurdur: "Digər tərəfdən baxanda həm oyunları, həm də qazandıqları nəticələr çox cəlbedicidir. Dəfələrlə demişəm ki, "Sabah" işini gələcəyi düşünərək planlı şəkildə qurub. Bu, bizə və digər komandalara motivasiya verir. Həm də Azərbaycan futboluna böyük inam verir. Onlara, rəhbərliyinə belə bir iş qurduqlarına görə təşəkkür edə bilərik. Qələbə və ya məğlubiyyətdən asılı olmayaraq, əsas məqsəd futbolumuzun canlanmasıdır. Həm "Sabah" Çempionlar Liqasının liqa mərhələsinə, həm də biz Konfrans Liqasının liqa mərhələsinə düşsək, daha maraqlı olar. Tez-tez Avropa oyunlarını izləmək hamı üçün təcrübə olacaq". "Sabah"ın və bizim eyni stadiondan istifadə etməyimiz məni narahat etmir. Təki belə problemlərimiz olsun. Komandalar olaraq stadionla bağlı ortaq məxrəcə gələcəyik", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" üzərində ümumi hesabda 2:1 hesablı qələbə qazanan "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb.
Mənbə
oxu.az