Cəmiyyət
Yeni Dövlət Qulluğu Məcəlləsi parlamentin ilk oxunuşundan keçib
"Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" parlamentin ilk oxunuşundan keçib. Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər. Sənədə əsasən, bunun üçün həmin şəxs dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət göndərərək, tələb olunan sənədləri təqdim etməlidir. Bundan sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Onun stajorluq və sınaq müddəti ərzində qulluq keçməsi və daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi ilə bağlı məsələlər bu məcəllənin 29-cu maddəsi (vakant vəzifəyə təyin edilmə) ilə tənzimlənir. Həmçinin yardımçı vəzifələrin tutulması müvafiq dövlət orqanı rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş əsasında həyata keçirilir. Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti 3 klasterdə birləşən 9 səriştə əsasında qiymətləndiriləcək. Sənədə əsasən, nəticəyönümlülük klasterinə məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə edilməsi, peşəkar inkişaf və dəyişikliklərə açıqlıq səriştələri daxildir. Başqaları ilə işləmək klasterində kommunikasiya, emosional zəka və komanda işi səriştələri yer alır. Vətəndaşlara xidmət klasterinə isə cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq səriştələri daxildir. Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti bu səriştələrə əlavə olaraq, liderlik klasterində birləşən 3 səriştə üzrə də qiymətləndiriləcək. Bunlar insanları idarə etmək, strateji düşüncə və başqalarını inkişaf etdirmək səriştələridir. Bundan başqa, Dövlət Qulluğu haqqında Məcəllənin şamil olunmadığı vəzifələr açıqlanıb. Sənədə əsasən, bu məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, onun müddəaları Azərbaycan Prezidentinə, Birinci vitse-prezidentə və vitse-prezidentlərə, Milli Məclisin deputatlarına, Baş nazirə və onun müavinlərinə, məhkəmələrin hakimlərinə, İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) şamil olunmur. Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katiblərinə və üzvlərinə, Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Ali Attestasiya Komissiyasının sədrinə və sədr müavininə, Media və Yayım Şurasının sədrinə və digər üzvlərinə də tətbiq edilmir. Eyni qayda yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, habelə Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə də aiddir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, sədr müavinləri, katibi və üzvləri, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, habelə hərbi qulluqçular da məcəllənin müddəalarından istisna edilir. "Dövlət qulluğu sertifikatı" sertifikatının qüvvədə olma müddəti azaldılır. Sənədə əsasən, "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir. Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. "Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər. Layihəyə əsasən, aşağıdakı şəxslər sözügedən vəzifəni tuta bilməyəcəklər: - 65 yaşı tamam olan şəxslər (bu məcəllənin 48.2-ci maddəsi nəzərə alınmaqla); - fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; - barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; - siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər; - bu məcəllənin 41.1.10-cu maddəsinə əsasən, dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində).
Mənbə
oxu.az