Siyasət
Ermənistanın "Artsax" xülyası, İranın bacılıq sevdası bitmək bilmir
İranın İrəvandakı səfiri Xəlil Şirqulami Ermənistanın Sisian şəhərində keçirilən "Navasarad" festivalında qondarma "Artsax" pavilyonunu ziyarət etməsi və sözügedən ifadəni işlətməsi təsadüfü hadisə kimi qiymətləndirilə bilməz. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə tanıdığını bəyan etsə də, zaman-zaman dövlət və hökumət nümayəndələrinin atdığı addımlar, səsləndirdiyi bəyanatlar İranın mövqeyi ilə ziddiyyət təşkil edib. Hələ İkinci Qarabağ müharibəsi dövründə İran daxilində müxtəlif dairələrin Ermənistana münasibəti Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurmuşdu. Müxtəlif rəsmi şəxslər, o cümlədən Prezident İlham Əliyev İranın bu addımlarını dilə gətirmiş, qarşı tərəfdən hesabat tələb etmişdi. Müharibə illərində Ermənistan istiqamətində yükdaşımalar, sərhəd fəallığı da Azərbaycan ictimaiyyətində haqlı suallar yaratmışdı. Bu gün də özünü Ermənistanın "bacısı" kimi aparan İranın mühafizəkar siyasi dairələri Azərbaycanın regionda formalaşdırdığı yeni reallığı tam qəbul etmək istəmirlər. Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsinə baxmayaraq, bəzi dairələr hələ də separatçı terminologiyanı dövriyyədə saxlamağa çalışırlar. Halbuki "Artsax" anlayışının nə hüquqi, nə də beynəlxalq legitimliyi mövcuddur. Belə bir ifadənin İranı təmsil edən diplomat tərəfindən işlədilməsi istər-istəməz həmin dairələrin düşüncə tərzini ortaya qoyur. Son illər ərzində Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası da "Artsax" terminindən imtina etmiş, yeni reallıqlarla razılaşmışdılar. Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycanın uzun illər İranın maraqlarını nəzərə alan siyasət yürütməsinə baxmayaraq, qarşı tərəfdə bunun adekvat qarşılıq görməməsidir. Azərbaycan heç vaxt İran əleyhinə beynəlxalq kampaniyalara qoşulmayıb, qonşuluq münasibətlərinin qorunmasına üstünlük verib, regional əməkdaşlığın inkişafı üçün təşəbbüslər irəli sürüb. Buna baxmayaraq, İranın müəyyən mühafizəkar çevrələri hələ də Ermənistanı regionda əsas tərəfdaş kimi görməkdən və Azərbaycana qarşı şübhə ilə yanaşmaqdan əl çəkmirlər. Bu hadisə bir daha onu göstərir ki, İranda bütün siyasi mərkəzlər eyni xətti bölüşmür. Ölkənin xarici siyasətində fərqli güc mərkəzlərinin təsiri hiss olunur. Məhz bu ziddiyyətlər də vaxtaşırı Azərbaycan cəmiyyətində narazılıq yaradan addımların ortaya çıxmasına səbəb olur. Reallıq isə dəyişməyib. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu məsələ beynəlxalq hüquq baxımından da qapanıb. Separatçı rejim tarixə qovuşub, onun atributlarını yaşatmaq cəhdləri isə nə siyasi nəticə verə bilər, nə də regionda sülhə xidmət edir. Əksinə, belə addımlar İranın Azərbaycana münasibətdə səmimiyyəti barədə yeni suallar doğurur və iki ölkə arasında etimadın möhkəmlənməsinə deyil, zədələnməsinə xidmət edir. Bu gün "Artsax" deyə-deyə dünyaya car çəkənlərin bəziləri isə Bakıda həbsxanalarda cəzalarını çəkməkdədilər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər