İdman
"Çelsi" Enzo Fernandes üçün vaxt verdi
Londonun "Çelsi" futbol klubu ulduz yarımmüdafiəçisi Enzo Fernandesin transferi üzrə danışıqlara yekun vurmaq üçün son müddəti cümə gününün axşamına qədər müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında paylaşıb. Məlumata görə, əgər göstərilən vaxta qədər klublar arasında ortaq məxrəcə gəlinməsə, bu keçid baş tutmayacaq. 25 yaşlı argentinalı futbolçunu öz heyətinə qatmaq istəyən klublar masaya 140.5 milyon avro dəyərində təklif qoymalıdırlar. Oyunçu uğrunda mübarizədə əsas namizəd "Mançester Siti"dir. Mançester təmsilçisi artıq bir neçə gündür ki, futbolçunun nümayəndələri ilə fəal danışıqlar aparır və London klubu bu prosesdən tam xəbərdardır. Xatırladaq ki, 25 yaşlı Fernandes 2023-cü ilin qışında "Benfika"dan "Çelsi"yə keçib. Bu müddət ərzində, o, bütün turnirlərdə ümumilikdə 166 matçda meydana çıxaraq 30 qolla yadda qalıb. Argentinalı oyunçu London klubu ilə birlikdə 2024/2025-ci illər mövsümündə Konfrans Liqasının, həmçinin 2025-ci ildə klublararası dünya çempionatının qalibi adını qazanıb. Yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.
Mənbə
oxu.az