Dünya

Husilər altı gün ərzində 84 döyüşçüsünü itirib, 28-i komandirdir

12 Aug 2026, 20:48 3 baxış
Husilər altı gün ərzində 84 döyüşçüsünü itirib, 28-i komandirdir
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) son altı gün ərzində 84 döyüşçüsünü itirdiyi bildirilir. Onlardan 28-nin komandir olduğu qeyd olunur. Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, yalnız husilərin nəzarətində olan paytaxt Sənada son bir həftə ərzində hərəkatın 40 üzvünün dəfn mərasimi keçirilib. Bir sıra yerli KİV-in məlumatına görə, avqustun 12-si axşam Yəmən hökumət qüvvələri Əd-Dali vilayətinin şimalında husilərin mövqelərinə artilleriya zərbələri endirib və pilotsuz uçuş aparatlarından istifadə edib. Hücum Kataba rayonunun qərbində yerləşən Əl-Faher bazarı ərazisində, husilərin Yəmən hərbçilərinin mövqelərinə hücuma hazırlaşdığı vaxt həyata keçirilib. Atəş nəticəsində husilərin canlı qüvvə itkisi verdiyi, həmçinin hərbi texnikalarının məhv edildiyi bildirilir. Avqustun 11-də husilər Moxa şəhəri ərazisində və Marib vilayətində Səudiyyə qüvvələrinin mövqelərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirdiklərini açıqlayıblar. Bundan əlavə, həmin gün husilər Bab əl-Məndəb boğazında "Tihama" kommersiya gəmisinə hücum edib, daha sonra isə xilasetmə əməliyyatı zamanı gəmiyə yenidən zərbə endiriblər. Hücum nəticəsində 6 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilib. Avqustun 12-də husilər Qırmızı dəniz sahilində yerləşən Moxa limanını ballistik raketlərlə atəşə tutmağı bərpa ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər