Siyasət

Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu

12 Aug 2026, 18:12 2 baxış
Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu
Böyük tarixi qələbələrin əhəmiyyəti yalnız onların əldə olunduğu anda qazandırdığı nəticələrlə ölçülmür. Belə qələbələrin əsl miqyası zaman keçdikcə, siyasi nəticələr iqtisadi coğrafiyanı dəyişdikcə, yeni marşrutlar açıldıqca və inkişaf üçün fərqli imkanlar yarandıqca daha aydın görünür. Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, bu baxımdan, hazırda Naxçıvan Muxtar Respublikası ətrafında baş verən proseslər xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri bir daha göstərdi ki, muxtar respublikanın rolu artıq yalnız ölkədaxili regional inkişaf məsələləri ilə məhdudlaşmır. Naxçıvan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirəcək yeni nəqliyyat, iqtisadi və perspektivdə enerji arxitekturasının əsas halqalarından birinə çevrilir. Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin bərpası məsələsi yeni siyasi məzmun qazanıb. Bu məsələ artıq yalnız nəqliyyat bağlantısının yaradılması deyil, uzunmüddətli münaqişədən sonra regionda yeni kommunikasiya sisteminin formalaşdırılması kimi qiymətləndirilir. Prezident İlham Əliyev Naxçıvanda çıxışı zamanı prosesin tarixçəsinə toxunaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısı ilə bağlı müddəanın məhz Azərbaycanın qəti mövqeyi nəticəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata daxil edildiyini vurğulayıb. Lakin sonrakı illərdə bu istiqamətdə praktiki irəliləyiş baş verməyib. Sevinc Fətəliyevanın sözlərinə görə, dönüş nöqtəsi 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton Zirvə görüşü olub. Bundan sonra layihə TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" formatında yeni siyasi və beynəlxalq məzmun qazanıb:
"Artıq söhbət yalnız ideyadan deyil, mərhələli şəkildə formalaşan real infrastrukturdan gedir. Azərbaycanın Horadiz-Ağbənd avtomobil yolunun tikintisini, demək olar ki, başa çatdırması, Ermənistan sərhədinə doğru dəmir yolunun inşasının sürətlə davam etdirilməsi və Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun yenilənməsi layihənin praktiki mərhələyə keçdiyini göstərir. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən, Naxçıvan dəmir yolunun uzunluğunun 194 kilometr olması nəzərdə tutulur. Strateji hədəf isə bu nəqliyyat xəttinin yükaşırma qabiliyyətini ən azı 15 milyon tona çatdırmaqdır". Lakin deputat hesab edir ki, layihənin əhəmiyyəti Azərbaycanın iki hissəsi arasında nəqliyyat əlaqəsinin bərpasından qat-qat genişdir. Sevinc Fətəliyevanın fikrincə, Naxçıvanın coğrafi mövqeyi onun gələcək rolunu daha da artırır: "Muxtar respublika Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Yeni kommunikasiyaların açılması isə Naxçıvanın nəqliyyat sistemindəki mövqeyini köklü şəkildə dəyişə bilər. Beləliklə, uzun illər, əsasən, son məntəqə kimi qəbul edilən Naxçıvan gələcəkdə mühüm tranzit məkanına çevrilə bilər. Azərbaycanın Qərb istiqamətində əsas nəqliyyat xətlərinin Gürcüstan üzərindən keçməsi bundan sonra da strateji əhəmiyyətini qoruyacaq. Bununla yanaşı, Naxçıvan üzərindən yeni xəttin yaradılması ölkənin nəqliyyat imkanlarını şaxələndirərək Türkiyəyə və oradan Avropaya əlavə çıxış formalaşdıracaq. TRIPP-in daha geniş geoiqtisadi sistemə - Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizə inteqrasiyası da layihənin əhəmiyyətini artırır. Digər mühüm istiqamət isə Naxçıvan və Culfa dəmir yolu qovşağı vasitəsilə İranla əlaqələrin genişlənməsi perspektividir. Bu xətt İran üzərindən Fars körfəzinə çıxış imkanlarını artırır. Yeni infrastruktur həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qollarından birinə çevrilmək potensialına malikdir. Başqa sözlə, söhbət artıq yalnız bir nəqliyyat dəhlizindən deyil, müxtəlif istiqamətlərin kəsişdiyi yeni logistik qovşaqdan gedir və həmin qovşağın mərkəzində Naxçıvan dayanır". Deputat vurğulayıb ki, TRIPP-in gələcək əhəmiyyətini yalnız bu marşrut üzrə hərəkət edəcək qatarların, avtomobillərin və daşınacaq yüklərin həcmi ilə qiymətləndirmək düzgün olmazdı. "Çünki nəqliyyat magistralının ətrafında yeni iqtisadi fəaliyyət formalaşdıqca onun real inkişaf effekti ortaya çıxır. Logistika mərkəzləri, ticarət və istehsal müəssisələri, xidmət sahələri və yeni investisiya imkanlarının yaranması Naxçıvanın iqtisadi rolunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Layihəyə beynəlxalq marağın artması da Naxçıvanın yeni rolunun daha geniş coğrafiyada qiymətləndirildiyini göstərir. Avropa İttifaqı nümayəndələrinin Naxçıvana səfər edərək dəmir yolu infrastrukturu ilə yerində tanış olması bu marağın göstəricilərindən biri kimi qiymətləndirilir", - deputat deyib. Sevinc Fətəliyeva hesab edir ki, TRIPP-ə yalnız nəqliyyat layihəsi kimi deyil, daha geniş infrastruktur platforması kimi yanaşmaq lazımdır: "Gələcəkdə bu xətt elektrik enerjisinin ötürülməsi, rəqəmsal kommunikasiyalar və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturu üçün də mühüm arteriyaya çevrilə bilər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, layihə yalnız dəmir və avtomobil yolları ilə məhdudlaşmır. Buradan fiber-optik kabellərin, elektrik xətlərinin, gələcəkdə zərurət yaranarsa, neft və qaz kəmərlərinin də keçirilməsi mümkündür.
Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa istiqamətində yeni enerji bağlantısının yaradılması xüsusilə mühüm perspektivlər açır. Eyni zamanda, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Xəzər dənizi və Azərbaycan üzərindən Qərb bazarlarına çatdırılması istiqamətində mövcud planlar Naxçıvanın gələcək enerji xəritəsindəki rolunu da ön plana çıxara bilər. Bu baxımdan, Naxçıvan gələcəkdə yalnız nəqliyyat deyil, enerji və rəqəmsal axınlarının da kəsişdiyi strateji mərkəzlərdən birinə çevrilə bilər". Deputatın fikrincə, regionda baş verən proseslərin nəqliyyat və iqtisadi hesablamalardan kənara çıxan mühüm siyasi tərəfi də var. "Kommunikasiyalar ölkələr arasında qarşılıqlı maraq və asılılıq yaradır. Region dövlətlərini dəmir yolları, enerji xətləri, rəqəmsal infrastruktur və ticarət əlaqələri birləşdirdikcə münaqişənin iqtisadi və siyasi qiyməti yüksəlir, sabitlik və sülhün isə konkret iqtisadi dəyəri formalaşır. Məhz buna görə TRIPP-i Azərbaycan-Ermənistan sülh gündəliyindən ayrı nəzərdən keçirmək mümkün deyil. Onilliklər ərzində davam edən qarşıdurmadan sonra region qapalı sərhədlər və blokadalar məntiqindən açıq kommunikasiyalar və iqtisadi əməkdaşlıq mərhələsinə keçmək imkanı əldə edib. Ermənistan üçün yeni nəqliyyat arxitekturasında iştirak daha geniş bazarlara çıxış və tranzit imkanları yarada bilər. Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlavə bağlantı əldə edir. İran isə Şimal-Cənub dəhlizindəki mühüm mövqeyini qorumaqla yanaşı, Naxçıvan istiqamətində yaranacaq yeni imkanlardan faydalana bilər. Beləliklə, formalaşmaqda olan yeni regional sistem bir tərəfin digərinin hesabına qazanc əldə etməsi prinsipindən daha çox, qarşılıqlı maraqların uzlaşdırılması üzərində qurula bilər. Siyasi iradə və qarşılıqlı maraqlar düzgün şəkildə uzlaşdırıldığı təqdirdə, yeni kommunikasiya sistemi bütövlükdə region üçün yeni iqtisadi imkanlar yarada, Naxçıvanı isə Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və enerji qovşaqlarından birinə çevirə bilər", - deyə deputat fikrini yekunlaşdırıb.
Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu Təkcə nəqliyyat deyil, sülh və inkişaf dəhlizi: Naxçıvanın gələcək rolu
Mənbə oxu.az

Oxşar Xəbərlər