Siyasət

Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO

12 Aug 2026, 17:08 1 baxış
Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO
"Azərbaycan Prezidentinin Naxçıvana son səfərində verdiyi əsas mesaj TRIPP marşrutunun açılmasına start verilməsi ilə bağlıdır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, bu hadisə özlüyündə, heç şübhəsiz, tarixi hadisədir:
"Azərbaycanın nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvanla birləşməsi Naxçıvanın son 35 illik blokadasının, əslində isə son 100 illik, bir əsrlik yarımblokadasının başa çatması deməkdir. Bəs nə üçün Naxçıvan hələ 100 il bundan əvvəl Azərbaycan ərazisindən qoparılmışdı? Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycandan ayrı salınmışdı. Ona görə ki, Naxçıvan çox mühüm geostrateji ərazidir. Türkiyə ilə Azərbaycanın yeganə quru sərhədi Naxçıvandan keçir. İranla mühüm qapılarımız Naxçıvandan keçir və Ermənistanla sərhədlərimizin strateji yüksəkliyi yenə Naxçıvan ərazisindədir. Naxçıvan coğrafiyasının bu mühüm üstünlüklərini nəzərə alan imperialistlər, əslində, vaxtilə Naxçıvanı Azərbaycandan quru sərhədlərlə ayırmışdılar. Bu gün isə güclü Azərbaycan bunu bərpa edir. Yəni Azərbaycan Prezidentinin Naxçıvana 17-ci səfəri həm də Azərbaycanın kommunikasiyalar vasitəsilə Naxçıvanla birləşdirilməsinin başlanğıcı hesab edilə bilər. Verilən mesaj da bundan ibarətdir və mən düşünürəm ki, bu, Azərbaycanın gələcəyi üçün mühüm strateji əhəmiyyət kəsb edir". H.Babaoğlu bildirib ki, Naxçıvanda son illərdə həyata keçirilən infrastruktur və sosial-iqtisadi layihələr muxtar respublikanın inkişafında mühüm rol oynayıb: "Çünki Azərbaycanla quru sərhədi olmayan Naxçıvanın özünütəmin edən iqtisadiyyatı olmalı idi, özünü təmin edəcək resursları olmalı idi. Bu istiqamətdə ötən illər ərzində mühüm işlər görülüb. Naxçıvan və Türkiyə arasında mühüm layihələr başladılıb. Naxçıvanın enerji təminatı üçün addımlar atılıb. Türkiyə üzərindən Azərbaycan qazı Naxçıvana nəql edilib. Naxçıvanda maşınqayırma və kiçik sənaye müəssisələri, o cümlədən aqrosənaye müəssisələri yaradılıb. Bu isə Naxçıvanın iqtisadi blokadasını xeyli dərəcədə yüngülləşdirib. İndi isə Naxçıvan öz inkişaf tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyur. Çünki Naxçıvanda Azərbaycan Prezidenti Naxçıvan Sənaye Parkının əsasını qoydu, hidroenerji qurğularının yaradılmasına start verdi. Bu gün vaxtilə qonşu ölkələrdən, heç olmasa, sutkada bir saat elektrik enerjisi almaq ümidi ilə yaşayan Naxçıvan artıq dünyaya enerji, elektrik enerjisi satacaq. Bax mən düşünürəm ki, müqayisədə hər şey çox açıq-aşkar, aydın görünür".
Deputat vurğulayıb ki, Naxçıvanın blokada şəraitindən çıxması onun yalnız regional deyil, qlobal səviyyədə əhəmiyyətini də artıracaq: "Dediyimiz kimi, Naxçıvanın iki blokada tarixi var: Naxçıvanın sovet dövründən bəri davam edən yarımblokada tarixi və müstəqillik dövrümüzdən sonra Naxçıvanda davam edən tam blokada dövrü. Bu gün hər ikisi "Dəmir yumruğun" gücü sayəsində başa çatır. Və Naxçıvan təkcə regional nəqliyyat və logistika mərkəzinə çevrilmir. Mənə elə gəlir ki, biz bunu bir qədər daha diqqətlə təhlil etməyə çalışsaq, Naxçıvan qlobal səviyyədə mühüm coğrafiyaya çevrilir. Azərbaycan Prezidenti yerli mediaya verdiyi müsahibəsində bildirdi ki, artıq Avropa İttifaqı Naxçıvanda dəmir yolu konsorsiumunun yaradılmasında iştirak etməklə bağlı müraciət edib. Baxın, demək ki, Naxçıvanın strateji kommunikasiyasının bir ucu artıq Avropadır. Digər ucu haradır? Bildiyimiz kimi, Çindir. Bəllidir.
Əlbəttə, biz bu hadisəni, sadəcə, regional hadisə kimi qiymətləndirə bilmərik. Çünki dünya iqtisadiyyatının da, dünya siyasətinin də nəbzi Qlobal Cənub və Qlobal Qərb arasında atır. Naxçıvan da bu coğrafiyanın tam ortasındadır. Ona görə mən düşünürəm ki, bu mühüm əhəmiyyətli, tarixi hadisə həm də Naxçıvanın gələcək inkişafını, təkcə Naxçıvanı yox, bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu və gücünü daha da artıracaqdır". H.Babaoğlu qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması ölkənin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindəki mövqeyini də gücləndirəcək: "Biz bəzən Azərbaycan ərazisini Cənubi Qafqazda mühüm coğrafiya kimi qiymətləndiririk. Amma Azərbaycan Prezidenti çıxışlarının birində qeyd etdi ki, bizim geostrateji çatışmazlığımız dünya okeanlarına çıxışımızın olmaması idi, biz bunu kommunikasiyalarla tamamladıq. Əslində, bu kommunikasiyaların tam başa çatması üçün Naxçıvanın da bu logistika və kommunikasiya şəbəkəsinə qoşulması lazım idi. İndi baş verən hadisə elə budur. Çünki Naxçıvandan İrana doğru uzanan yeni dəmir yolunun inşası, həm də mövcud dəmir yolu xətti - Culfadan keçməklə İrana gedən mövcud dəmir yolu xətti - Şimal-Cənub nəqliyyat kommunikasiyasının mühüm bir seqmentinə çevriləcək və yeni tarixi keyfiyyət qazanacaq. Çünki Azərbaycan Prezidenti dedi ki, bu dəmir yolu Pakistana qədər uzana bilər. Şərq-Qərb məsələsinə gəldikdə isə, əlbəttə ki, Çindən Avropaya gedən xətt üzərində, əgər Naxçıvandan 15-20 milyon ton yük ötürüləcəksə, bu, özlüyündə artıq bir iqtisadi arteriya yaradacaqdır. Bunun ətrafında isə həm mikromədəni mühit, həm mikroiqtisadi mühit, həm də turizm mühiti formalaşacaq. Ona görə də, əlbəttə ki, bu mühüm məsələ Azərbaycanın gələcək inkişafına təkan verəcək". Deputat Naxçıvanın Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsinin onun gələcək regional ticarət və logistika sistemindəki rolunu da artıracağını bildirib: "Əlbəttə ki, Naxçıvan özü-özlüyündə tarixi-təbii qovşaqdır. Hər nə qədər bu ərazi qovşaqdan daha çox tarixi kontekstdə mərkəz kimi görünsə də, bugünkü reallıq elədir. Tarixi kontekstdən baxsaq, Naxçıvanın şimalı da, şərqi də, cənubu da, qərbi də Azərbaycan etnomədəni coğrafiyasıdır. Naxçıvandan İrana getsəniz, Azərbaycan etnomədəni və sosial-mədəni mühiti ilə üzləşəcəksiniz. Azərbaycandan - demoqrafik mühəndislik aparılmadan öncə - Ermənistana getsəniz, yenə də Qafandan tutmuş Vedibasara qədər, Dərələyəzdən tutmuş Qarakilsəyə qədər Azərbaycan etnomədəni mühiti ilə qarşılaşacaqsınız. O tarix bizi səsləyir. Yəni əslində, Naxçıvan qovşaqdan daha çox, mərkəzdir. Naxçıvandan qərbə doğru getsəniz, Iğdırdan Qarsa qədər uzanan böyük Azərbaycan etnomədəni coğrafiyasını görəcəksiniz. Orada yaşayanlar da azərbaycanlılardır. Dolayısı ilə, biz bu gün hazırkı siyasi-inzibati şərtlər daxilində Naxçıvanı qovşaq adlandırırıq, amma Naxçıvan tam da bizim mədəniyyətimizin mərkəzidir.
İndi isə bu mədəni əlaqələrin bərpa olunması üçün, tarixi əlaqələrimizin yenidən yeni keyfiyyət qazanması üçün, əlbəttə ki, Naxçıvanın rolu mühümdür, birləşdiricidir, tarixi əhəmiyyətlidir. Ona görə mən düşünürəm ki, bütün bunlar gələcəkdə Naxçıvanın tarixi rolunun özünə qaytarılmasına xidmət edəcək". H.Babaoğlu əlavə edib ki, Naxçıvanın gələcəkdə mühüm logistika və kommunikasiya mərkəzinə çevrilməsi onun təhlükəsizliyi məsələsini də ön plana çıxarır: "Azərbaycan Prezidenti Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun qərargahında oldu və çox mühüm mesajlar verdi. Çünki Azərbaycanla quru əlaqəsi olmayan Naxçıvan üçün güclü bir ordu lazım idi. Bir neçə il bundan əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycanın bütün qoşun növlərinin hər birinin Naxçıvanda bir kiçik forması yaradıldı. Azərbaycan Prezidenti Naxçıvana səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun qərargahında görüş keçirdi və dünyaya mesaj verdi. Bu, dosta və düşmənə verilən mesaj idi ki, əgər Naxçıvan bu gün bu qədər dərin sosial-iqtisadi və logistik keyfiyyət əldə edirsə, onun təhlükəsizliyini qoruyacaq Azərbaycanın güclü ordusu var. Mən düşünürəm ki, bu da bütövlükdə Azərbaycanımız üçün mühüm tarixi hadisədir".
Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO Dosta və düşmənə verilən mesaj - Naxçıvanın 100 illik yarımblokadası başa çatır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər