Siyasət

Azərbaycanın strateji qapısı: Zəngəzur dəhlizi Naxçıvanı qlobal qovşağa çevirir

12 Aug 2026, 11:48 3 baxış
Azərbaycanın strateji qapısı: Zəngəzur dəhlizi Naxçıvanı qlobal qovşağa çevirir
"Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan həm əlverişli coğrafi mövqeyi, həm də regional nəqliyyat əlaqələrində mühüm rol oynadığı üçün hər zaman strateji mərkəz kimi diqqət çəkib". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Prezident İlham Əliyevin Naxçıvan səfərini şərh edərkən deyib. O bildirib ki, Qarabağ münaqişəsi başlayan zaman Ermənistanın məkrli işğalçılıq siyasətinin ana xəttində məhz Naxçıvanı ələ keçirmək dayanırdı:
"Düşmən Naxçıvanı blokada vəziyyətinə salsa da, muxtar respublika ilə bağlı nəzərdə tutduğu böyükmiqyaslı işğal planını ulu öndər Heydər Əliyevin timsalında Naxçıvanın igid oğlanlarının sayəsində gerçəkləşdirə bilmədi. O vaxt Ali Məclisin sədri olan ümummilli lider Heydər Əliyev muxtar respublikanı qoruya, ermənilərin işğal planından müdafiə edə bildi. Onun gərgin əməyi sayəsində blokada vəziyyətində olan Naxçıvan çətinliklə də olsa, özünü ayaqda saxlamağı, zaman keçdikcə inkişaf etməyi bacardı. Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı, infrastruktur imkanları genişləndirildi, əhalinin rifah halı yaxşılaşdırıldı. Zaman-zaman prosesin dinamik inkişafı istiqamətində mühüm addımlar atılıb. Naxçıvana olan xüsusi diqqət Heydər Əliyev Bakıya - siyasi hakimiyyətə qayıtdıqdan sonrakı dövrdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildi. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Naxçıvan inkişafının yeni mərhələsinə qədəm qoyub. Muxtar respublikada ötən illər ərzində genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib. Müasir yollar salınıb, körpülər və yolötürücüləri tikilib, nəqliyyat infrastrukturu yenilənib, Naxçıvana hava nəqliyyatının təşkili imkanları genişləndirilib. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi öz növbəsində Naxçıvanda sahibkarlığın inkişafına, investisiya imkanlarının artırılmasına və turizm potensialının genişləndirilməsinə də yeni imkanlar yaradıb". O əlavə edib ki, İkinci Qarabağ müharibəsində tarixi zəfərdən sonra respublikanın hər bölgəsi kimi, Naxçıvana da yeni nəfəs, həyat gəlib: "Müharibədən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda Bakının həyata keçirdiyi regional nəqliyyat layihələrində Naxçıvan xüsusi əhəmiyyət kəsb edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın regional logistika imkanlarının genişlənməsi Naxçıvan üçün də yeni imkanlar yaradır. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ (TRIPP layihəsi) artıq reallaşmaq üzrədir və sözügedən layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqələrini təmin edəcək, o zaman bu layihənin nə dərəcədə əhəmiyyətli olduğunu təsəvvür etmək çətin deyil. Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın nəqliyyat xəritəsində ölkəmiz üçün yeni imkanlar formalaşdıracaq. Eyni zamanda, ölkə nəqliyyatının, logistika əlaqələrinin Naxçıvanın əsas nəqliyyat və logistika sisteminə daha sıx inteqrasiyasına şərait yaradacaq. Bu əlaqələr Naxçıvanın sosial-iqtisadi inkişafına müsbət təsirini göstərməklə yanaşı, həm də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin asanlaşdırılması, yük və sərnişin daşımalarının sürətləndirilməsi, eləcə də regionda yeni iqtisadi və ticari əlaqələrin yaranmasına da əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. İndiyə qədər bu yollar Gürcüstan üzərindən keçirdi. İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın 200 milyonluq bazara çıxışı, tarixən Yaxın Şərqə gedən yolların yenidən Naxçıvandan keçməsi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən və 15 milyon ton yükaşırma gücü olan dəhlizə çevrilməsi bölgənin həyatında yeni yüksəliş dövrünü təmin edəcək". Deputat qeyd edib ki, Naxçıvanın nəqliyyat imkanlarının inkişafı təkcə onu qovşaq kimi xarakterizə etməyəcək, eyni zamanda, bu diyarı regionun turizm destinasiyası kimi daha cəlbedici edəcək: "Naxçıvanın turizm potensialının artırılması üçün əlverişli zəmin yaranacaq. Qədim tarixi, zəngin mədəni irsi, təbii ehtiyatları və müalicəvi imkanları ilə seçilən Naxçıvana rahat nəqliyyat çıxışının təmin edilməsi daxili və xarici turistlərin bölgəyə marağının artmasına xidmət edə bilər. Bütün bu uğurlardan Naxçıvana da pay düşməsi, təbii ki, Prezident İlham Əliyevin həm güclü siyasi lider, həm də qüdrətli Ali Baş Komandan olmasından irəli gəlir. Müharibədə əldə etdiyi tarixi qələbəni diplomatik müstəvidə də təmin edən İlham Əliyevin uzaqgörən siyasəti təkcə Azərbaycanı deyil, ümumilikdə regionu dəyişdi, Cənubi Qafqaza sülh, əməkdaşlıq gətirdi. Bu gün Naxçıvanın sürətli inkişafı, beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məhz İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar fonunda baş verir".
Azərbaycanın strateji qapısı: Zəngəzur dəhlizi Naxçıvanı qlobal qovşağa çevirir Azərbaycanın strateji qapısı: Zəngəzur dəhlizi Naxçıvanı qlobal qovşağa çevirir
Mənbə oxu.az

Oxşar Xəbərlər