Dünya
Rubio: "UNO ilə bağlı məlumatlara ciddi yanaşmaq lazımdır"
"Birləşmiş Ştatlar hərbi obyektlərin üzərində müşahidə edilən uçan naməlum obyektlər (UNO) barədə məlumatlara çox ciddi yanaşmalıdır". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Millerin podkastında çıxışı zamanı bildirib. "Hərbi bazalarımızın səmasında mənşəyi bizə aid olmayan bəzi obyektlər uçur. Biz bu məsələnin mahiyyətini aydınlaşdırmalı və problemi diqqətdə saxlamalıyıq", - deyə Rubio qeyd edib. Dövlət katibinin sözlərinə görə, o, həmin obyektlərin kimə məxsus olduğunu və ümumiyyətlə nə olduğunu bilmir. Rubio ABŞ Senatında fəaliyyət göstərdiyi dövrdə də UNO məsələsini gündəmə gətirdiyini xatırladıb. O həmçinin əlavə edib ki, bu problemə heç də sui-qəsd nəzəriyyəsi kimi yanaşmır. "İnsanlar elə düşünürlər ki, biz nələrisə gizli saxlayırıq. Sizi əmin edirəm ki, əgər ABŞ prezidentinin administrasiyası yadplanetlilər barədə hər hansı bir məlumata sahib olsaydı, prezident hər yerdə çıxış edər, praym-taymda müraciət ünvanlayar, müvafiq foto və videoları nümayiş etdirərdi", - deyə dövlət rəsmisi vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər