İdman
Kaliforniyada yeni rekorda imza atan idmançının faciəli sonu
Kaliforniyadakı əfsanəvi El-Kapitan zirvəsinə rekord sürətlə dırmaşaraq böyük məşhurluq qazanan amerikalı idmançı Ceyk Uayzenant 30 yaşında həyatını itirib. Oxu.Az xəbər verir ki, bu məlumatı hüquq-mühafizə orqanlarına istinadən "California Post" nəşri yayıb. Tulare dairəsinin şerif ofisindən verilən məlumata görə, idmançı hələ avqustun 3-də Syerra-Nevada dağlarında baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İnsidentin təfərrüatı hələlik tam açıqlanmır. Uayzenantın faciəli ölümünü onun yaxınları da təsdiqləyiblər. El-Kapitan zirvəsi ABŞ-də qayaya dırmaşma idmanının ən mühüm mərkəzlərindən biri hesab olunur. Xatırladaq ki, 2024-cü ilin oktyabrında Uayzenant tərəfdaşı ilə birlikdə "Lurking Fear" ("Gizli qorxu") marşrutunu 2 saat 55 dəqiqə 32 saniyəyə qət edərək bu tras üzrə yeni sürət rekordunu müəyyənləşdirmişdi.
Mənbə
oxu.az