İdman
"Dinamo Kiyev"in baş məşqçisindən "Qarabağ" barədə etiraf
Ukrayna Premyer Liqasının 2-ci turunda "Veres"i 2:1 hesabı ilə məğlub edən "Dinamo Kiyev"in baş məşqçisi İqor Kostyuk komandasının gələcək sınaqları barədə diqqətçəkən açıqlamalar verib. Oxu.Az xəbər verir ki, mütəxəssisin fikirləri paytaxt təmsilçisinin rəsmi saytında dərc olunub. Mətbuatda "Dinamo Kiyev"in hücum xəttinin zəif olması ilə bağlı səslənən iddialara cavab verən Kostyuk xüsusilə "Qarabağ"ın güclü müdafiə səddinə diqqət çəkib: "Komandamızın meydanda zəif təsir bağışladığı fikri ilə razılaşmıram. Əsas problemimiz qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Çoxlu fərqli kombinasiyalar sınaqdan keçiririk, lakin yaratdığımız şanslar tablodakı hesaba yansımır. Nəzərə almalıyıq ki, son zamanlar müdafiədə etibarlı çıxış edən rəqiblərlə üz-üzə gəlmişik. Həm PAOK, həm də "Qarabağ" meydanda olduqca aktiv və diqqətli idi. Yəni, vəziyyət heç də kənardan göründüyü kimi deyil". Baş məşqçi həftədə iki dəfə meydana çıxmağın yaratdığı sıx qrafikin komandaya təsirlərinə də toxunub: "Bu gün heyətdə ciddi rotasiyaya getdik. Məhz "Qarabağ"la görüşdə şans qazanmayan futbolçulara daha çox vaxt ayırdıq. Onlar özlərini daha yaxşı tərəfdən göstərdilər. Buna baxmayaraq, meydanda yolverilməz və lazımsız top itkilərimiz də az olmadı". Xatırladaq ki, "Veres"lə qarşılaşma "Dinamo" üçün 2026/27-ci illər mövsümündə Ukrayna Premyer Liqasında ilk sınaq idi. İndi isə Kiyev təmsilçisini Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin həlledici cavab matçı gözləyir.
Mənbə
oxu.az