Cəmiyyət
Gələcəyin xəritəsi doğum evlərində çəkilir
Dünya əhalisinin sayı 8.3 milyardı ötüb. Bu rəqəm ilk baxışda, sadəcə statistik göstərici kimi görünür. Amma əslində qarşımızda XXI əsrin ən böyük dəyişikliklərindən birinin konturları dayanır. Çünki bəşəriyyət tarixində ilk dəfə dünya əhalisinin artımı sonsuz olmayacaq. Proqnozlara görə, 2080-ci illərin ortalarında əhalinin sayı, təxminən 10.3 milyarda çataraq pik həddə yüksələcək və bundan sonra tədricən azalmağa başlayacaq. Amma burada əsas sual heç də "Dünyada neçə milyard insan olacaq?" deyil. O milyardlar harada yaşayacaq və hansı bacarıqlara sahib olacaq? Çünki dünyanın demoqrafik xəritəsi dəyişdikcə, iqtisadi və geosiyasi güc xəritəsi də kökündən yenilənir və bu dəyişiklik artıq başlayıb. Avropaya nəzər salaq. Qitənin əksər ölkələrində bir qadına düşən doğum sayı əhalinin özünü yeniləməsi üçün lazım olan 2.1 həddindən aşağıdır. Nəticədə əhali qocalır, əməkqabiliyyətli insanların payı azalır, pensiya və sosial təminat sistemlərinin yükü artır. Amma Avropanın demoqrafik problemini yalnız iqtisadi səbəblərlə izah etmək də doğru olmaz. Burada daha dərin sosial dəyişiklik baş verir. Ailə institutu əvvəlki kimi cəmiyyətin mərkəzində dayanmır. İnsanlar daha gec ailə qurur, evlilik yaşı yüksəlir, tək yaşamaq daha geniş yayılır, uşaqlı ailə modeli əvvəlki nəsillərdə olduğu qədər dominant deyil. Nəticədə uşaqların dünyaya gəlməsi də daha gec yaşlara təxirə salınır və ailələrdə uşaqların sayı azalır. Əlbəttə, bunun tək səbəbi ailə modelinin dəyişməsi deyil. Təhsil müddətinin uzanması, karyera prioritetləri, mənzil və yaşayış xərclərinin artması, iş həyatının yaratdığı təzyiq və ailə qurma yaşının yüksəlməsi də bu prosesə təsir edir. Yəni Avropa təkcə qocalmır. O, həm də əvvəlki demoqrafik modelindən uzaqlaşır. Xəritənin digər tərəfində - qara Afrikada (Afrika qitəsinin Sahara səhrasının (Böyük Səhra) cənubunda yerləşən hissəsinə verilən ad, Saharanın cənubundakı coğrafi region) isə mənzərə tamamilə fərqlidir. Region əhalisinin bu əsr ərzində təxminən üç dəfə artaraq 1.2 milyarddan 3.4 milyarda çatacağı proqnozlaşdırılır. Daha diqqətçəkən rəqəm isə budur: 2100-cü ilə gəldikdə dünyada doğulan hər iki körpədən birinin qara Afrikada doğulacağı gözlənilir. Bunu ən aydın göstərən nümunələrdən biri Nigeriyadır. Dünyanın əhali sayına görə ən böyük 10 ölkəsi arasında bu əsr ərzində əməkqabiliyyətli əhalisi artacaq yeganə ölkənin Nigeriya olacağı proqnozlaşdırılır. Ölkənin işlək yaşda olan əhalisinin 86 milyondan 458 milyona yüksələcəyi, iqtisadiyyatının isə qlobal sıralamada 23-cü yerdən 9-cu yerə qalxacağı gözlənilir. Eyni dövrdə Nigeriyanın əhalisinin bütün Avropanın əhalisini üstələyəcəyi proqnozlaşdırılır. Çin kimi demoqrafik nəhəng isə tamamilə fərqli istiqamətdə hərəkət edir: onun əhalisinin bu əsrdə kəskin azalacağı gözlənilir. Bu rəqəmlər bizə bir şeyi göstərir: gələcəyin gücünü təkcə əhalinin sayı yox, onun strukturu müəyyən edəcək. Bir ölkənin milyonlarla gəncə sahib olması onu avtomatik olaraq zəngin etmir. Burada "demoqrafik dividend" anlayışı ortaya çıxır. Əsas məsələ insanların sayı deyil. Onların neçə yaşında olması, hansı təhsili alması, hansı bacarıqlara sahib olması və iqtisadiyyata nə qədər dəyər qata bilməsidir. Gənc əhali ölkə üçün böyük fürsətdir. Amma yalnız fürsətdir. Zənginlik zəmanəti deyil. Əgər dövlət milyonlarla gəncə keyfiyyətli təhsil, iş və istehsal imkanları yarada bilirsə, demoqrafik dividend iqtisadi sıçrayışa çevrilə bilər. Əks halda eyni gənc əhali işsizliyə, kütləvi miqrasiyaya, sosial narazılığa və siyasi qeyri-sabitliyə çevrilə bilər. Keçən əsrdə sənayeləşən ölkələr üçün böyük və nisbətən ucuz işçi qüvvəsi ciddi üstünlük idi. Amma gələcəyin iqtisadiyyatında avtomatlaşdırma və süni intellekt bir sıra işlərin məzmununu dəyişə, bəzi fiziki və rutin əməliyyatları isə əvəz edə bilər. Bu, demoqrafik dividend anlayışının özünü də dəyişir. Sabah bir ölkənin milyonlarla gəncə sahib olması kifayət etməyəcək. Əsas sual həmin gənclərin nə bacardığı olacaq. Kod yaza bilirlərmi? Mürəkkəb texnologiyalarla işləyə bilirlərmi? Yeni istehsal sistemlərinə uyğunlaşa bilirlərmi? Rəqəmsal iqtisadiyyatda dəyər yarada bilirlərmi? Əgər cavab "xeyr"dirsə, böyük əhali üstünlükdən çox problemə çevrilə bilər. Deməli, gələcəyin demoqrafik yarışı təkcə "kim daha çox insan yetişdirəcək?" sualından ibarət deyil. Əsas sual "kim daha bacarıqlı insan yetişdirəcək?" olacaq. Afrikanın qarşısındakı digər böyük problem isə iqlim və resurslardır. Qara Afrikadakı demoqrafik artım su çatışmazlığı, quraqlıq və iqlim dəyişikliyinin yaratdığı problemlərlə toqquşa bilər. Kənd təsərrüfatının zəifləməsi insanların yaşayış imkanlarını məhdudlaşdıra, şəhərlərə miqrasiyanı sürətləndirə və resurslar üzərində təzyiqi artıra bilər. Yəni Afrika üçün məsələ yalnız daha çox insanın doğulması deyil. Həmin insanlara su, qida, enerji, təhsil və iş təmin etməkdir. Əgər sayı artan gənc əhali dayanıqlı texnologiyalar, müasir infrastruktur və məhsuldar iqtisadiyyatla inteqrasiya olunmasa, böyük demoqrafik potensial ekoloji və sosial problemlərin altında qala bilər. Avropa isə problemin tam əks tərəfi ilə üz-üzədir. Qitədə artıq işçi çatışmazlığı hiss olunur. Demoqrafik yaşlanma əmək bazarında təzyiqi artırır və uzunmüddətli perspektivdə əlavə işçi qüvvəsinə ehtiyacı gücləndirir. Problemin çətin tərəfi odur ki, bu gün doğulan körpə sabah əmək bazarına daxil olmayacaq. Bunun üçün ən azı 18-20 il gözləmək lazımdır. Doğum səviyyəsini artırmaq isə nəticəsi ən gec görünən demoqrafik siyasətlərdəndir. Pensiya yaşının artırılmasının da iqtisadi və sosial sərhədləri var. Nəticədə Avropanın qarşısında ən real variantlardan biri miqrasiyadır. Lakin burada XXI əsrin böyük siyasi paradokslarından biri yaranır. Avropa iqtisadiyyatını və rifah sistemini qorumaq üçün işçi qüvvəsinə ehtiyac duyur. Həmin işçi qüvvəsinin bir hissəsini miqrasiya təmin edə bilər. Amma miqrasiya eyni zamanda qitə daxilində sosial-mədəni gərginliklərin və siyasi qütbləşmənin əsas mövzularından birinə çevrilib. Yəni qocalan dünya öz iqtisadiyyatını saxlamaq üçün ehtiyac duyduğu insanları axtarır, amma həmin insanların gəlişi ilə bağlı narahatlıq da yaşayır. Bu ziddiyyətin necə həll ediləcəyi Avropanın gələcəyinin əsas suallarından biri olacaq. Afrikanın bugünkü demoqrafik üstünlüyü də sonsuz resurs deyil. Orada da doğum səviyyəsi tədricən azalır. Afrikanın median yaşının hazırkı təxminən 19-dan 2100-cü ildə 35-ə yüksələcəyi gözlənilir. Yəni bu, müvəqqəti imkan pəncərəsidir. Pəncərə açılıb. Amma əbədi açıq qalmayacaq. Afrikanın qarşısında indi tarixi seçim dayanır: bu gənc əhalini təhsilə, texnologiyaya, istehsala və innovasiyaya çevirə biləcək, yoxsa dünyanın ən böyük sosial problemlərindən birinə çevriləcək? Cavab yalnız Afrika üçün deyil, bütün dünya üçün vacibdir. Çünki XXI əsrin güc mübarizəsinə yalnız tankların, raketlərin, orduların və xammal ehtiyatlarının prizmasından baxmaq artıq kifayət deyil. Bir ölkənin gələcək çəkisi ordunun sayından daha əvvəl doğum evində, sonra məktəbdə, daha sonra isə rəqəmsal laboratoriyalarda və əmək bazarında müəyyənləşir. Gələcəyin supergüclərini təkcə neçə uşağın doğulduğu müəyyən etməyəcək. Onları həmin uşaqların nə öyrəndiyi, hansı texnologiyaya çıxışı olduğu və iqtisadiyyata nə qədər dəyər qata bildiyi müəyyən edəcək. Bəlkə də XXI əsrin ən böyük geosiyasi sualı buna görə çox sadədir: gələcəyin supergüclərini ordular müəyyən edəcək, yoxsa gənc əhalisini düzgün yetişdirib idarə etməyi bacaran ölkələr? Cavab isə bu gün artıq doğum evlərində yazılmağa başlayıb. Mənbələr: BMT Əhali Proqnozları, "The Lancet" (IHME), "Pew Research Center", "Hoover Institution", Fridrix Naumann Fondu.
Mənbə
oxu.az